İrəvanın Bakını əsəbiləşdirməsi Ermənistanın axırına çıxacaq

30 Aprel 2020 09:30 (UTC+04:00)

 

Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sonuncu görüşü ilə əlaqədar verdiyi bəyanat Azərbaycan ekspertləri tərəfindən şübhə, ermənilər tərəfindən isə hiddət və təşvişlə qarşılanıb.

Nazirlərin onlayn-görüşü ilə eyni vaxtda A.M. Qorçakov adına  açıq diplomatiya Fondunun dəyirmi stolunda Qarabağ münaqişəsinin tənzimlənməsi barədə dediyi fikirlər İrəvanın altını üstünə çevirib.

İrəvanda bu bəyanatı antierməni və azərbaycanpərəst kimi qiymətləndiriblər. Bu isə həqiqətən gözlənilməzdir. Çünki Lavrov öz fəaliyyəti etibarı ilə ermənipərəst siyasətçidir.

Baş verənlər barədə Rusiyanın “rosbalt.ru” saytı geniş analitik yazı dərc edib. Məqalədə bildirilir ki,

Zöhrab Mnasakanyan və Elmar Məmmədyarov arasındakı ATƏT-in Minsk Qrupu həmsədrləri və bu qurumun hazırkı sədrinin iştirakı ilə keçirilmiş danışıqlar haqda ATƏT-in saytında yerləşdirilən məlumata görə, tərəflər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin davam etdirilməsi və ən qısa zamanda yeni bir görüşün təyin edilməsi barədə razılığa gəliblər. Koronavirus pandemiyası fonunda humanitar tədbirlərin təxirə salınması ilə yanaşı, Ermənistan Respublikası və Azərbaycan Respublikası Xarici İşlər Nazirlərinin fərdi görüşləri və həmsədrlərin bölgəyə səfərləri təxirə salınsa da, onlar üçün hazırlıqlar görülür. Bundan əlavə, “qlobal böhran” kontekstində atəşkəs rejiminə əməl olunmasının və hər hansı bir təxribatın qarşısının alınmasının vacibliyi qeyd edilir.

Adətən, bu cür məlumatlar “ütülü” olur və Lavrov Qarabağ tənzimlənməsinin “sirrini” vermək istəməsəydi heç kim buna əhəmiyyət verməzdi. Lakin, o, gözlənilməz olduğuna görə “sirr” sayılan söhbəti açdı: ötən ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsi barədə sənəd qəbul edilib. Onun izahına görə, birinci mərhələdə  Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin sərbəst buraxılması, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması təmin edilir. Rusiyalı rəsminin səsləndirdiyi fikirlərdən məlum olur ki, Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir.

Ermənistanda Lavrovun açıqlamaları hiddət doğurub. “Bu nə deməkdir”-deyə, deyinən ermənilər, hakimiyyətin “Hakimiyyət vətəni satır” şüarını ortaya atıblar. Mnasakanyan, belə bir şeyin olmadığını, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin "daha şəffaf" danışıqlar apardığını və ümumiyyətlə, 2014 və 2016-cı illərə qədər razılaşdırılmış mərhələli bir tənzimləməyə yaxınlaşmalarını və o dövrün təşəbbüslərinin “danışıqlar masasında olmadığını” bildirməyə çalışıblar.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan daha açıq mövqe ifadə edib.

“Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib ki, nizamlanmanın mərhələli həll versiyası Ermənistan üçün qəbuledilməzdir. Onun sözlərinə görə, 2018-ci ildən bəri Ermənistan bu istiqamətdə danışıqlar aparmayıb. Maraqlıdır ki, işdə sosial şəbəkələrdən də fəal istifadə edən və onsuz da çox danışan Paşinyan Lavrovun sözlərini nə təsdiq, nə də təkzib edib. Bu arada İrəvanda ondan bunu tələb edirlər.

Belə olan təqdirdə məntiqi sual yaranır ki, bəs onda son iki il ərzində Ermənistanın inqilabçı rəhbərliyi Azərbaycan rəhbərliyi ilə fərdi görüşlərdəki söhbətlərində və iki ölkə XİN rəhbərlərinin rəsmi görüşlərində nədən danışıblar, nəyi müzakirə ediblər? Və yaxud həmişə ermənipərəst mövqedən çıxış edən Lavrov nə üçün birdən-birə belə bəyanat verir ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 5-i ilk mərhələdə Azərbaycana qaytarılır və bəzi kommunikasiya vasitələri açılır, Ermənistanın blokadası yüngülləşdirilir.

Məsələ burasındadır ki, “status-kvo”nun saxlanması çoxdandır ki, mümkün görünmür və Azərbaycanın səbir kasasının daşacağı barədə tez-tez anonslar edilir. İş təkcə azərbaycanlı ekspertlərlə əlaqəli deyil. Əcnəbi, ən çox da rusiyalı və hətta erməni ekspertlər belə versiyalar irəli sürürlər. Torpaqlarını geri qaytarmaq Azərbaycanın başlıca məqsədidir. Bu, əvvəl-axır baş verəcək. Danişiqların məqsədi də dağıdıcı müharibəni önləməkdir. Bu, məlum həqiqətdir. Erməni tərəfinin canfəşanlığı bu səbəbdən həmişə danışıqlar prosesini pozmaqla ststus-kvonu uzatmağa istiqamətlənib. İndi də eyni proses gedir. Ancaq daha situasiya 5-10 il, hətta iki il əvvəlki dövrdəki kimi deyil. Vəziyyət olduqca dəyişib. Təbii ki, Azərbaycanın xeyrinə. Çünki artıq bütün dünya kimin işğalçı, kimin zərərçəkən olduğunun fərqindədir.

Məqalənin sonunda, saytın analitik qrupu ermənilərin başına ağıl qoymağa çalışır: “Yaxşı olar ki, İrəvan Bakıya ilişməsin. Bu, təhlükəlkidir”. Söhbət məhz Azərbaycanın güclü orduya sahib olmasına və istənilən an Ermənistana dağıdıcı zərbə endirə bilmək imkanına açıq işarədir.

N.NOVRUZ