Nicat Dağlar müalicəsini Almaniyada davam etdirəcək

13 İyul 2013 15:22 (UTC+04:00)
Leykoz xəstəliyinə düçar olan tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların vəziyyəti stabil ağır olaraq qalır. Bu barədə "Yeni Müsavat"a Nicat Dağlar özü məlumat verib. Qeyd edək ki, iki gün öncə prezident İlham Əliyev N.Dağların dövlət tərəfindən müalicə olunması ilə bağlı göstəriş verib. O, müayinə olunduğu Gürcüstandan ölkəyə qayıdıb. Durumu yaxşı olmadığı üçün onun avtomobillə Bakıya qədər gətirilməsi mümkün olmayıb və redaktor Gəncədəki qohumlarının evinə yerləşdirilib. Dünən günün birinci yarısında Bakıdan gedən həkim briqadası onu bir daha müayinə edib, Gürcüstandan alınan analiz cavabları ilə bir daha tanış olunub, keçilən müalicə kursu ilə bağlı tapşırıqlar verilib.

Paralel olaraq Nicat Dağların müalicəsi üçün təşkilati işləri görən Prezident Administrasiyasının məsul şəxsi analiz və müayinə cavablarını Almaniyadakı klinikalara yollayıb və onlarla danışıqlar aparılıb. Almaniya klinikaları Nicat Dağların əməliyyatının mümkün olduğunu bildiriblər və artıq həmkarımızın ora göndərilməsi üçün sənədləşmə işləri aparılır. Yaxın bir həftə ərzində onun Almaniyaya aparılacağı gözlənilir.