Qadın güləşçimiz çempion oldu

15 İyul 2013 11:46 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir. 

Mövqe.az  xəbər verir ki, proqrama əsasən, yarışların dördüncü günündə 55, 59 və 

67 kq çəkidə qadın güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub. 


51 kq 

İlk görüşdə yapon Hikari Sugavara ilə görüş Anjela Doroqan üçün uğurlu alınmasa da, rəqibin finala çəxması güləşçimizə bürünc medal yolu açıb. Təsəlliverici görüşdə Kanada güləşçisi Diana Fordu mübarizədən kənarlaşdıran təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Ancaq görüş Anjela Doroqan üçün uğurlu alınmayıb və o, Universiadanı beşinci sırada tamamlayıb. 


59 kq 


Yuliya Ratkeviç bütün görüşlərində rəqiblərindən üstün olub. 1/8 finalda monqol güləşçisi Munxtuya Tungalag, 1/4 finalda qırğız Aysulu Tınıbekova, yarımfinal görüşündə Rusiya güləşçisi Jarqalma Tsirenovanı mübarizədən kənarlaşdıran Yuliya Ratkeviç finalda ABŞ təmsilçisi Alisson Ragan ilə qarşılaşıb. Bu rəqibinə də tam üstünlüklə qalib gələn güləşçimiz Universiadanın qızıl medalını qazanıb və çempion olub. 


67 kq 


Mübarizəyə 1/4 finaldan qoşulan Natalya Palamarçuk belarus Hanna Savenia üzərində qələbə qazanıb. Yarımfinalda yapon Sara Doşoya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ancaq həlledici görüşdə Kanada təmsilçisi Stas Anakayla görüşdə də məğlub olan Natalya Palamarçuk Universiadanı beşinci sırada tamamlayıb. 


Xatırladaq ki, qadın güləşçilərin yarışında ilk gün yığma komandamız 1 gümüş və 1 bürünc medal qazanıb.