LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

6 May 2020 08:00 (UTC+04:00)
Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlaşdırılmış inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. Göstərilən hədəflərə çatmaq məqsədilə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da dolğun əksini tapıb. Sənəddə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Son illər regionlarda aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər daha da intensivləşib. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması deyilənləri əyani təsdiq edir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Ölkə başçısının 2014-cü il 16 yanvar tarixli "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsinin, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasının, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunmasının zəruriliyi bir daha önə çəkilib. Son illər ölkədə aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir. Xüsusən də regionlarda aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalı məsələləri xüsusi diqqət mərkəzindədir. "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamda göstərildiyi kimi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili, ərzaq təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Sərəncamla kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçıların maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmini məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilib. Sərəncam əsasında kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası" hazırlanaraq hökumətə təqdim edilib. Yeni strategiyaya əsasən, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi ilə bağlı layihələr də mühüm yer tutur. Həmçinin, Azərbaycanda taxılçılığın inkişafı üçün iri aqrar komplekslərin yaradılması da diqqət mərkəzindədir. Son illər regionlarda kənd təsərrüfatı üzrə ənənəvi məşğulluq sahələrinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir. Dövlət başçısının 14 iyul 2017-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. 27 noyabr 2017-ci il tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan məqsədini önə çəkir. 9 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın məqsədi isə ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdır. Ölkə başçısının 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı"ının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. 13 fevral 2018-ci il tarixli Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"ının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafıdır. Bunlardan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması üçün həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq, eləcə də modelləşdirmə seqmentləri nəzərə alınır, Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinə, Dünya Bankının tövsiyələrinə istinad olunur. S.Elmanoğlu