“Dilmanc” layihəsi çərçivəsində mətni şifahi nitqə çevirən proqram təkmilləşdirilir

15 İyul 2013 16:56 (UTC+04:00)

"Dilmanc" layihəsi çərçivəsində bir sıra yeni proqramlar təqdim olunub.

 

Mətnləri saniyələr ərzində tərcümə edən bu sistemin xidmətindən www.translate.az  saytına daxil olmaqla istifadə etmək mümkündür. İlk hibrid tərcümə sistemi olan proqram daha keyfiyyətli tərcüməyə nail olmağa imkan verir.

 

Tərcümənin keyfiyyətini yüksəltmək üçün peşəkar insanlar tərəfindən tərcümə edilmiş mətnlərdən istifadə olunur. Məsələn, rus dilindən Azərbaycan dilinə tərcümə proqramında  bir milyona yaxın cümlədən ibarət paralel (həm rus, həm də Azərbaycan dilində) baza yaradılıb. "Dilmanc" layihəsinə daxil olan digər yeni proqram nitqin tanınması sistemidir.  Bu proqram şifahi nitqi yazılı mətnə çevirməyə imkan verir. Yəni mikrofona  oxuduğunuz, başqa sözlə, kompyuterə diktə etdiyiniz şifahi nitq   avtomatik olaraq yazıya çevrilir. Bu proqram mətnin klaviaturada əllə yığılması ilə müqayisədə işi 3-4 dəfə sürətləndirir. Xüsusən klaviaturada işləməyə çətinlik çəkənlərin, eləcə də əlil və görmə qüsuru olan insanların işini asanlaşdırır.

 

Hazırda layihə çərçivəsində mətni şifahi nitqə çevirən proqram təkmilləşdirilir.  Belə ki, Azərbaycan dilində hər hansı mətn proqrama daxil edilir və dərhal kompyuterdə səslənməyə başlayır. Proqramın əsas üstünlüyü odur ki, insan gözünü yormadan, digər işlə məşğul olarkən, yaxud yol gedərkən, bir sözlə, istənilən şəraitdə istənilən yazılı mətni səsləndirib ona qulaq asa bilər.

 

Qeyd edək ki, haqqında danışılan bu maraqlı və gərəkli proqramlara dilmanc.az saytı vasitəsilə daxil ola bilərsiniz