"Mənim Əvəz
Zeynallı ilə aşıq kimi deyişmək fikrim yoxdur. Söyləmək
istədiklərimi demişəm. Bundan sonra lazım olan sözü istintaq
deyəcək". Deputat Gülər Əhmədova noyabrın 22-də "Media forum"
saytına belə deyib.
Gülər Əhmədova qeyd edib ki, məsələ haqda geniş danışmaq istəməməsi
istintaqın başa çatmaması ilə bağlıdır: "Mən ona görə sizə açıqlama
verdim ki, qarşı tərəf və insanlar fikirləşməsinlər, görəsən, Gülər
Əhmədova niyə susur? Çox adam bilmirdi ki, mən niyə susuram. Mən
istəyirdim ki, bunlar danışsınlar görək nə danışırlar. Onlar
qoyduqları suallarla əvvəllər dediklərini təkzib edirlər. Mən
deputatam, o qədər işim-gücüm var ki. Elmi, pedaqoji fəaliyyətlə
məşğulam, siyasətlə məşğulam, beynəlxalq görüşlərdə iştirak edirəm.
Həyatımı Əvəz Zeynallıya həsr etmək fikrim yoxdur. Sadəcə,
həyatıma, iş-gücümə narahatlıq yaratmasın deyə, nəhayət, bu addımı
atmışam".
Deputat bildirib ki, Əvəz Zeynallının həbsxanadan göndərdiyi
yazılara və "Xural" qəzetinin əməkdaşlarının ona ünvanladıqları
suallara köməkçiləri cavab verəcək: "Köməkçim onlara lazım olan
cavabları verəcək. Bizdə elə bir problem yoxdur ki, nəyisə
gizlədək. Bizdə hər şey açıq-aydındır. Əslində şantaj etmək üçün
heç nə yox idi. Özləri də deyirlər ki, heç nə yox idi".
"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı
oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət
Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü
(hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi
başlanılıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq
etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç
nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz
Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz
Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət
alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.