Koronavirusa qarşı mübarizədə vətəndaş məsuliyyəti ön plana çıxır

8 May 2020 10:12 (UTC+04:00)

Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi mayın 4-dən etibarən bir qədər yumşaldılıb.  Bu fonda  işə çıxan və aktiv olan insanların sayı da artıb.  Belə vəziyyət isə karantin rejimi yumşaldılsa da, bəzi qabaqlayıcı addımların atılmasını da zəruri edir.  Xüsusən də əhalinin sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda  prosesə ciddi nəzarət edilməsi vacibdir. Məhz bunun nəticəsidir ki, avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. Bundan başqa ictimai nəqliyyatda maska taxmaq məcburi xarakter alır.

Qeyd edək ki, karantin rejiminin əvvəlilə müqayisədə hazırda qoruyucu maskalardan istifadə edənlərin sayı kəskin azalıb. Hər 10 nəfərə 1 nəfər maska taxan görmək olar. Bu isə pandemiyanın ikinci dalğasının başlanmasına təkan verə bilər. Koronavirusla bağlı son günlərin statistikası da prosesə daha ciddi yanaşmanı tələb edir.

Tibb elmləri doktoru Adil Qeybulla düşünür ki, ictimai nəqliyaytda şəffaf arakəsmələrin quraşdırılması, maska taxmağın məcburi xarakter alması  pandemiyaya qarşı mübarizədə ciddi effekt verəcək: “Çünki bu addımlar karantin şərtlərindən biridir. Sosial izolyasiya  gücləndirilməlidir. İnsanların bir-birilə təmasları məhdudlaşdırılmalı,  potensial xəstələrin sağlam adamlara virus yoluxmasının qarşısı alınmalıdır. Əslində, bu kimi tədbirlər çoxdan tətbiq edilməli idi. Karantin tədbirləri yumşaldılan andan belə məcburi tədbirlər də öz əksini tapmalı idi.

Son zamanlar artıq çoxsaylı insan bayıra çıxır, ictimai nəqliyaytdan yararlanır.  Bu zaman  görürük ki, izolyasiya qaydalarına demək olar, mütləq əksəriyyət insan əməl etmir. İndi küçədə əksər insan səhv olaraq maska taxmağı belə özünə rəva görmür. Əslində son günlər yoluxma dinamikasının artımı da məhz karantinin yumşalması istiqamətində atılan addımlardan sonra özünü göstəməyə başlayıb. Belə vəziyyət bir müddətdən sonra virusun yeni dalğasının baş qaldırmasına səbəb ola bilər. Ona görə də ictimai nəqliyyatda şəffaf arakəsmələr və maska taxılmasının məcburi olması vacibdir. Bu kimi addımlar düşünürəm ki, pandemiyaya qarşı mübarizədə effektiv təsirə malik olacaq”. 

Milli Məclisin deputatı Musa Quliyev insanları pandemiyaya qarşı mübarizədə məsuliyyəti artırmağa səslədi: “Pandemiyaya qarşı ölkəmizdə mübarizə kompleks şəkində aparılır. Dövlətin bu istiqamətdə atdığı addmlarla yanaşı, əhalinin özünün də məsuliyyətli olması vacibdir. İnsanların lazım olan sosial məsafəni saxlamaları, individual qorunma tədbirlərindən istifadə olunması qaydalarına riayət etmələri çox vacibdir. Çünki bu bir nəfərin, yaxud toplumun bir hissəsinin problemi deyil. Bütün ölkənin, millətin problemidir və bu məsələdə ümummilli mübarizə aparmalıyıq.

Son günlər karantin rejiminin yüngülləşdirilməsi və bəzi bölgələrdə aradan qaldırılmasından sonra ölkədə yoluxma hallarınına rtım dinamikası müşahidə edilir.  Bu isə hər kəsi narahat edir. Hesab edirəm ki, bütün vətəndaşlar ciddi mühafizə tədbirlərinə riayət etməlidir. Xüsusilə ictimai nəqliyyatda, insanların çox toplaşdığı məkanlarda, alış-veriş yerlərində, səhiyyə müəssisələri və apteklərdə mütləq mənada sosial məsafəni gözləməliyik. Həmçinin evdən maska və əlcəklə çıxmaq lazımdır”.

Deputat burada ictimai nəzarətin olması da vacib saydı: “Hər şeyi polisin üzərinə qoymaq olmaz. Bütün insanlara nəzarət edən bilən qədər polis də yoxdur. İnsanlar bir-birinə nəzarət etməli, nəzakətlə maska taxmayanlara irad tutmalıdırlar. Bu edilsə, onun da effekti olacaq. Sosial izolyasiya tədbirlərinə də riayət olunmalıdır. Ehtiyac olmadan evdən çıxmaq olmaz. Dezinfeksiyaedici vasitələrdən istifadə, əllərin vaxtlı-vaxtında yuyulması da vacib şərtdir. Amma insanlar təəssüf ki, bunu da unutmağa başlayıb. İnsanlar məsuliyyəti azaltmamalı, əksinə artırmalıdır”.

Rüfət NADİROĞLU