İsmayıllıdakı qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı

8 May 2020 10:53 (UTC+04:00)

Mayın 7-də saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.