İmişlidə qəza törədən sürücü həbs edildi

9 May 2020 16:21 (UTC+04:00)

İmişli rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü cinayət məsuliyyətinə cəlb edilmişdir.

Belə ki, mayın 4-də saat 6 radələrində İmişli şəhər sakini Ruslan Gülməmmədovun idarə etdiyi “Kamaz” markalı 30-BD-252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Camal Kərimovun idarə etdiyi “Qazel” markalı 30-BE-192 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində sürücü C.Kərimovun və “Kamaz” markalı avtomobildə olan sərnişin Nizaməddin Musayevin vəfat etmələri, 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

R.Gülməmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.