Baş Prokurorluq "Eurohome"dakı yanğınla bağlı araşdırmalara başladı

12 May 2020 17:15 (UTC+04:00)

Bakıda tikinti bazarında baş verən yanğınla bağlı araşdırmalara başlanıb.

Bu barədə Mövqe.az-a açıqlamasında Fövqəlada Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib. Onun sözlərinə görə, araşdırma Baş Prokurorluq tərəfindən aparılır: "Mayın 11 də "Eurohome" tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq idarəsində araşdırılır".

Xatırladaq ki, ötən gün gecə saatlarında Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Eurohome" tikinti materialları bazarında yanğın baş verib. Hadisə nəticəsində bir neçə mağaza yanıb.