LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

13 May 2020 08:05 (UTC+04:00)

Son 16 ildə imzalanmış regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması və yeni iş yerlərinin açılması ilə bağlı kompleks tədbirlər əksini tapıb. Bu da bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib. 
2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib. 
Nazirlər Kabinetinin hələ 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz, təxminən, 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq".
1995-ci ildə aparılmış tədqiqatlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi 17,2 faiz, 1999-cu ildə əhalinin siyahıya alınması zamanı əldə olunan məlumatlara görə isə 16,25 faiz təşkil edib. 2003-cü ildə BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə əhalinin iqtisadi fəallıq səviyyəsi üzrə keçirilmiş seçmə statistik müayinəyə əsasən işsizlik 9,7 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Bu göstəriciyə görə Azərbaycan MDB dövlətləri sırasında öncül yerlərdən birini tutur.
Əgər ölkə vətəndaşları bir zamanlar iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz tuturdularsa, son illərdə əks proses başlayıb. Nəinki MDB-dən, ümumilikdə, dünyanın bir çox ölkələrindən işaxtaranlar iqtisadi baxımdan cəlbedici ölkə kimi respublikamıza üz tuturlar. Vaxtilə iş tapmaq ümidi ilə başqa ölkələrə gedən vətəndaşlarımızın son illər geri qayıtması, habelə əcnəbi miqrantların leqal, bəzən də qeyri-leqal şəkildə respublikanın əmək bazarına can atmaları sahibkarlıq subyektlərinin və yüksək gəlirli iş yerlərinin sayının artması ilə izah olunur. Yeni iş yerlərinin yaradılması bilavasitə regionlarda sahibkarlığın inkişafı və kapital qoyuluşlarının həcminin artması ilə sıx bağlı proses olduğundan, hökumət iş adamları üçün ildən-ilə daha yaxşı imkanların yaradılmasına çalışır. 
Çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar da regionlarda məşğulluğun səviyyəsinin aşagı düşməsinə təsir göstərir. Son 15 ildə qəbul olunmuş «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı», Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013) və digər sənədlər işsizliyin səviyyəsinin azaldılması baxımından əhəmiyyətli olub. 
Məşğulluq Strategiyasının (2006-2015-ci illər) 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilib.
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" isə əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilib. Proqramda işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi, investisiya fəallığının artırılması və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmini məsələləri əksini tapmışdı. 
Sənəddə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində kompleks tədbirlər nəzərdə tutulmuş, aidiyyəti dövlət qurumlarının, eləcə də İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdi. Ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi; yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması; qeyri-formal məşğulluğun qarşısının alınması; işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin həyata keçirilməsi; kiçik və orta sahibkarlığın inkişafının, eləcə də fərdi əmək fəaliyyəti ilə məşğul olanların iqtisadi həvəsləndirilməsi kimi mühüm tədbirlər Dövlət Proqramında mühüm hədəflər kimi diqqəti çəkirdi.
Statistika Komitəsinin məlumatına əsasən, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayıb. Bu proqramlar çərçivəsində ötən 16 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,9 milyondan çox yeni iş yeri açılıb, 80 mindən dən çox yeni müəssisə yaradılıb, habelə yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşüb. 
Məşğulluq strategiyasının reallaşdırılması çərçivəsində paxtaxt Bakıda və regionlarda əmək bazarına nəzarətin gücləndirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri də mühüm yer tutur. Ölkə başçısının 2014-cü il 3 fevral tarixli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunun tətbiqi barədə fərmanı Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə, əmək bazarına nəzarətin gücləndirilməsi və işçilərin əmək hüquqlarının etibarlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. 
Fərmanla əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı qaydalar təsdiqlənib. Fərmanla Əmək Məcəlləsinə edilmiş əsas dəyişikliklərdən biri də əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilməsidir. Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minib. 
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində göstərilir ki, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində mümkün olacaq: "I) Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; II) digər əlavə tədbirlər və III) ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq və aşağıdakı dörd xüsusi hədəfə nail olunacaq". 

S.Elmanoğlu