İmtahan sualları azaldılır? - Açıqlama

13 May 2020 15:50 (UTC+04:00)

11-ci sinif buraxılış imtahanlarında açıq sualların sayının azaldılması ilə bağlı hələlik Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi açıqlama verilməyib.

Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, hələlik 3 marta qədər keçirilən tədris proqramının imtahanlara salınmasından başqa güzəşt tətbiq edilməyib:

“DİM elan etdi ki, imtahanlarda epidemiya ilə əlaqədar mart ayının 3-nə qədər keçirilən mövzular salınacaq. Buraxılış imtahanı verən 9-cu siniflər üçün mart ayından bu yana olan onlayn keçilən dərslərdən sual salınmayacaq. 11-ci siniflər üçün də 3 martdan- 14 iyuna qədər olan tədris proqramı imtahana salınmayacaq. İmtahanlarda açıq tipli sualların azaldılması ilə bağlı hələlik heç bir rəsmi qərar qəbul edilməyib. Əvvəlki illərin məzunları buraxılış imtahanları verdiyi üçün qeyd olunan güzəştlər onlara şamil edilməyəcək”.

Qeyd edək ki, ötən gün mətbuatda 11-ci sinif buraxılış imtahanlarında açıq tipli sualların sayının azaldılması barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan dili üzrə 4 (ötən il 10 olub), riyaziyyat üzrə 4 (ötən il - 6), xarici dil üzrə 4 açıq yazılı sual (ötən il 7) olacaq.