İstirahət və bayram günləri evdən çıxmaq qadağan edilə bilər

14 May 2020 09:49 (UTC+04:00)

Koronavirusun can almaqda davam etdiyi bir zamanda müxtəlif ölkələr ona qarşı mübarizədə fərqli-fərqli izolyasiya tədbirləri həyata keçirir. Bu tədbirlərdən biri də istirahət və bayram günləri bütün vətəndaşların küçəyə çıxmasına qoyulan qadağadır. Qardaş Türkyədə belə bir addım atılıb. Belə ki, bu ölkənin bir sıra şəhər və rayonlarında insanların toplum halında küçəyə çıxmasının qarşısını almaq üçün istirahət və bayram günləri onlara küçəyə çıxmaq qadağası qoyulub.   Azərbaycanda da belə bir təcrübədən istifadə edə bilər. Belə ki, bu qadağanın tətbiq oluna biləcəyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Sərt karantin rejimindən çıxdıqdan sonra dünya ölkələrinin məhdudiyyətlər tətbiq etməsi ilə bağlı müəyyən təcrübə var. Türkiyədə həftə sonlarında insanların küçəyə çıxmasına məhdudiyyət qoyulur. Biz Azərbaycanda statistik məlumatları yaxından izləyirik. Ola bilsin, bayram günlərində və həftə sonları məhdudiyyətlərin tətbiq edilməsi üçün Operativ Qərargaha müraciət edəcəyik".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev indilikdə Azərbaycanda istirahət və  bayram günləri küçələrə çıxmağı qadağan etməyə ehtiyac olmadığı qənaətindədir: “Hər bir ölkə koronavirusla bağlı mübarizədə mövcud vəziyyətə uyğun olaraq özünəməxsus tədbirlər görür. Proses öncədən təhlil edilir və sonra da pandemiyaya qarşı müvafiq tədbirlər hazırlanır. Azərbaycanda isə görünür hələlik, istirahət və bayram günləri insanların küçələrə çıxmasının qadağan edilməsinə ehtiyac yoxdur.

Ona görə də hələlik belə bir qadağanın tətbiqi gündəmdə deyil. Amma aparılan təhlillər vəziyyətin ağır olduğunu göstərsə, onda bu istiqamətdə də qərar verilə bilər. Belə bir qərarın verilməsi bir adamın iradəsindən asılı deyil, bu sayaq qərarlar kollegial şəkildə verilməlidir. Mütəxəssislər toplanmalı, hadisələri təhlil etməli və sonra qərar verməlidirlər”.

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, situasiyadan asılı olaraq həmin istiqamətdə Türkiyə təcrübəsindən istifadə edə bilərik: “Karantin qaydaları yumlaşdılmalıdır. Qarşıdan isti aylar gəlir. Amma karantin şərtləri, davranışları dəyişə bilməz. Nə qədər ki, bu situasiya var insanlar şərtlərə əməl etməli, ictimaiyyətin çox olduğu yerlərdə kaska taxmalıdırlar. Amma görürük ki, əksər insanlarımız situasiyanı  iqnor edir, maska taxmır, sosial məsafə gözləmir, dezinfeksiya məsələlərinə ciddi fikir vermirlər. Türkiyənin sözügedən qadağası ona görə düzgün yoldur. Azərbaycan da onu təkrar edə bilər.

Digər tərəfdən,  Azərbaycanın bu istiqamətdə öz yolu da ola bilər. Bu yol  karantin dövrü başa çatana qədər karantin davranışlarının dəyişməməsi yoludur, şərtlər isə yumşaldıla bilər. Situasiyadan asılı olaraq, istirahət və bayram günləri küçəyə çıxmağı qadağan etmək də olar, etməmək də. Artım genişlənsə, bu yöndə məhdudlaşdırıcı addım atıla bilər”.

Rüfət NADİROĞLU