Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85-ci mövsümünə yekun vurdu.

16 İyul 2013 19:56 (UTC+04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mövq.az-a verdiyi məlumata görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci mövsümün yekununa həsr olunmuş toplantı keçirilib. Toplantını giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov mövsüm ərzində nümayiş etdirilən tamaşaların premyeraları, həyata keçirilən layihələr, teatr kollektivinin iştirak etdiyi beynəlxalq festivallar, teatrımızın qonağı olmuş xarici teatr truppaları, seminar və treninqlərdə iştirakı haqqında ətraflı məlumat verib. Teatrın rəhbəri qeyd edib ki, 85-ci teatr mövsümü çərçivəsində teatrda hazırlanmış Dilsuzun "Əlincə qalası", Aleksey Tolstoyun "Buratinonun macəraları" və Astrid Lindqrenin "Balaca və damda yaşayan Karlson", K.Ağabalayev və N.Kazımovun "Şahzadə Xəzərin nağılı" tamaşaları dövlət sifarişli, Firuz Mustafanın "Pələng ili", S.S.Axundov və A.Şaiqin "Qaraca qız", P.Pançevin "Dörd əkizin nağılı", L.Nurenin "Müharibə", Dario Fo və Peppino de Filipponun "İtalyansayağı xoşbəxtlik", N.Kazımovun "Qar qızı kim oğurladı", M.Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" poeması əsasında hazırlanmış tamaşalar isə teatrın öz daxili imkanları hesabına səhnələşdirilib: "Ümumilikdə mövsüm ərzində 11 yeni tamaşa hazırlanmış və bunlardan 4-ü dövlət sifarişi, 7-si isə teatrın daxili imkanları hesabına hazırlanıb. British Council Bakı nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyinin mədəni əməkdaşlığının birgə layihəsi olan "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində mövsüm ərzində işıqlandırma dizaynerləri, eləcə də gənc aktyor, rejissor, dramaturq və teatrşünaslar üçün treninqlər həyata keçirilib. Mövsüm ərzində Həştərxan Dövlət Gənc Tamaşaçılar və Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı teatrın qonağı olmuş və öz tamaşaları ilə çıxış ediblər. Gələn mövsümdə teatrın yaradıcı heyəti sözügedən teatrlara qastrol səfəri edəcək".


"Mən teatr haqqında danışmaq istəyirəm" layihəsi haqqında məlumat verən direktorun sözlərinə görə, layihə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Teatrı 2009-2019 illərdə" Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileylərinə həsr olunub. Mart ayından start götürən "Mən teatr haqqında danışmaq istəyirəm" layihəsi may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi günü yekunlaşmışdır. Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə həyata keçirilib. Yeni teatr mövsümündə sözügedən layihənin bir sıra ali təhsil ocaqları ilə birgə həyata keçirilməsi nəzərdə tutulub".


Teatrın yaradıcı heyətinin il ərzində iştirak etdiyi beynəlxalq festivallardan danışan direktor növbəti teatr mövsümündə də bir sıra xarici ölkələrə festivalların nəzərdə tutulduğunu bildirilib.


Sonda M.Həmidov yeni – 86-ci teatr mövsümünün sentyabr ayının 1-də başlanılması barədə məlumat verib.