LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

16 May 2020 08:14 (UTC+04:00)

Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, eləcə də özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyildir. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində mühüm rol oynayır.

Qeyd edilənlərin məntiqi nəticəsi olaraq dövlət tərəfindən son 17 ildə sahibkarlara göstərilən diqqət və qayğı daim artmış, onlara maddi vəsaitindən tutmuş hüquqi biliklərinin artırılması, informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsinə qədər müxtəlif yardımlar göstərilmişdir. Belə yardımlardan danışarkən, Biznes Tədris Mərkəzinin və onun regionlarda strukturlarının yaradılması xüsusi qeyd olunmalıdır. Sözügedən mərkəz, bir tərəfdən, sahibkarları maarifləndirir, digər tərəfdən, onların maliyyə-investisiya təminatını yaxşılaşdırmaq üçün konkret tədbirlər həyata keçirir. Bu, dövlətin sahibkarlıqla bağlı həyata keçirdiyi siyasətin indi də prioritet istiqamətlərindən biri olaraq qalır.

Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Sahibkarlığın İnkişafı Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verir və bu diqqətin nəticəsidir ki, son illər Fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır.

Fondun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2009-cu və 2011-ci illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi Qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır.

Fondun vəsaiti hesabına güzəştli kreditlər sahibkarlıq subyektlərinin aşağıdakı sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir: Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı konkret layihələrin maliyyələşdirilməsi; sənaye məhsullarının istehsalı və emalı; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; tikinti materiallarının istehsalı və ağac emalı; qədim xalq sənətinin inkişafı; səhiyyə xidmətinin inkişafı; turizm infrastrukturunun inkişafı; informasiya-kommunikasiya texnologiyalarının inkişafı; kütləvi informasiya vasitələrinin inkişafı.

Sahibkarlara ayrılan güzəştli kreditlərin maksimum həddi də iqtisadi inkişafın dinamikasına adekvat olaraq yüksəlir. Ölkə başçısının 13 oktyabr 2011-ci il tarixli «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» fərmanının 5.1 bəndinə əsasən, fond sahibkarlara 5 min manatdan 50 min manatadək kiçik

həcmli; 50 min 1 manatdan 500 min manatadək orta həcmli; 500 min 1 manatdan 10 milyon manatadək böyük həcmli kredit verə bilər.

Güzəştli kreditlər əsasən, müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilir.

Ötən illərdə sözəl sektorun fəaliyyəti üçün daha münbit şərait yaradan qanunvericilik aktlarının qəbulu da xüsusi diqqət mərkəzində olmuqşdur. Bu istiqamətdə mühüm sənədlərdən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 aprel 2007-ci il tarixində imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman olmuşdur. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən həmin fərman o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həllinə, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılmasına hesablanmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının «bir pəncərə» - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır.

Elektron hökumətin əsas elementlərindən olan «bir pəncərə» sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın «bir pəncərə» prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, «bir pəncərə» sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına və sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir.

Ötən illərdə dövlətimizin başçısının tapşırıqların müvafiq olaraq elektron xidmətlərin tətbiqi sürətləndirilmiş, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmış, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Bununla yanaşı, icazələrə dair yaradılmış internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaratmışdır.

Ölkəmizdə elektron xidmətlərin tətbiqi həyatımızın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 450-dək xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır. Bunun nəticəsidir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 74 faizə, vergi daxilolmalarında 70 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi təqribən 84 faiz təşkil etmişdir.

Ölkəmizdə sahibkarlığın inkişaf göstəricilərinin dinamikası bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2019-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 10 ildir ki, MDB ölkələri arasında birincidir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunmuş, 2012-ci ildən isə yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılmışdır. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-dək azalmışdır. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

S.Elmanoğlu