COVID-19 məsuliyyətsizliyi sevir!

15 May 2020 19:26 (UTC+04:00)

Sahibkarın qaydalara əməl etməməsi işçi heyətinin karantinə alınmasına və müəssisənin bağlanmasına gətirib çıxardı

Azərbaycan koronavirus sınağından keçir və bu, cəmiyyətimiz üçün, bütün bəşəriyyət üçün ciddi bir təhlükədir. Təəssüflər olsun ki, bəziləri isə bunu dərk etmək istəmir, hətta deyirlər ki, virus yoxdur və bu məqsədli şəkildə həyata keçirilən bir ssenaridir.

Belələrinə dönə-dönə başa salmaq lazım gəlir ki, ssenari üçün zavodların istehsal üsulunu dəyişməyə, əlavə zavodlar açmağa, ölkəyə minlərlə koronavirus testini gətirməyə, turizmin pik həddə gəlir gətirdiyi bir vaxtda regionları və restoranları bağlamağa, turistlərin gəlməsini və ümumiyyətlə, istirahət mərkəzlərinin fəaliyyətinin dayandırılmasına, üstəlik, dövlət tərəfindən vətəndaşlara külli miqdarda vəsaitin təmənnasız olaraq verilməsinə ehtiyac vardımı? Cavab isə çox sadədir: bəzi insanlar öz məsuliyyətsizliklərini koronavirusun qondarma olduğu fikri ilə pərdələməyə çalışırlar.

Faktlar həyəcan təbili çalır

Koronavirusun varlığını inkar edənlər elə virusun özü qədər təhlükəlidirlər. Çünki onlar özləri də bilmədən koronavirusun yayılmasını sürətləndirirlər. Belə yanaşmanın nəticəsi karantin rejiminin uzanmasına səbəb olur, insanları doğmalarından, gündəlik həyat tərzlərindən, işlərindən, gəlirlərindən, vərdişlərindən, əyləncələrindən və s. imkanlardan məhrum edir.

Ən başlıcası, bir nəfərin etinasız davranışı yüzlərlə şəxsin həyatını təhlükə altına atır. Məsələn, “Bakı Tikiş Evi” MMC-də baş verdiyi kimi... Bu müəssisənin bir əməkdaşı 60-dan çox insanı koronavirusa yoluxdurub...

Mayın əvvəlində “Bakı Tikiş Evi” MMC-nin işçilərindən birində koronavirus əlamətləri müşahidə olunur və ondan götürülmüş yaxma müayinəyə göndərilir. Testin cavabı müsbət olur. Sonra iş yerində onunla təmasda olmuş digər işçilərdən - 100 nəfərdən yaxma götürülür. Onlardan 58 nəfərdə koronavirus aşkarlanır. Daha sonra xəstə ilə təmasda olmuş 92 nəfər ailə üzvləri müayinədən keçirilir və onlardan 10 nəfərdə koronavirus aşkarlanır.

Yoluxanların beş nəfəri 20-29 yaşda, beş nəfəri 30-39, 10 nəfəri 40-49, 20 nəfəri 50-59, 18 nəfəri isə 60-69 yaşdadır. Virus aşkarlandıqdan sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzi müəssisənin fəaliyyətinin dayandırılması barədə məktub göndərir və buranın bütün sexlərində dezinfeksiya tədbirləri aparılır, müəssisə fəaliyyətini dayandırmağa məcbur olur...

Səhiyyə Nazirliyində deyirlər ki, yoluxmaya səbəb müəssisədə sosial məsafə saxlanılmaması, sanitariya normalarının gözlənilməməsi olub. Müəssisədə Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əməl olunmayıb və işçilərə şəxsi gigiyenanın gözlənilməsi üçün lazımi şərait yaradılmayıb.

Əslində, yoluxma hadisəsinə baxanda təfərrüatlar məlum olur. 300 nəfər işçisi olan müəssisədə 100 nəfər işə çıxıb, yoluxan şəxs 100-ə yaxın qohumu və tanışı ilə ünsiyyətdə olub, 65 yaşdan yuxarı şəxslərin işə çağrılması ilə bağlı qadağaya məhəl qoyulmayıb. Halbuki koronavirusun yaşlılar üçün necə təhlükəli olması hamımıza məlumdur.

Bir müəssisə rəhbərinin qaydalara etinasız yanaşmasının nəticəsi xəstəliyin yayılması, bütöv bir müəssisənin bağlanması və nəticədə, günahsız insanların təhlükəyə atılmasıdır. “Bakı Tikiş Evi” MMC-də baş vermiş hadisədən digər şirkətlər və bütün cəmiyyət ibrət götürməlidir. Bu yazını hazırlayarkən aldığımız məlumata görə, “Baku Steel Company” MMC-də də 26 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

Koronavirusa qalib gəlmək öz əlimizdədir!

Koronavirusa yoluxanların xəstəliyi əvvəl yüngül və simptomsuz şəkildə keçirmələrinə baxmayaraq, vəziyyətləri qəfil pisləşə bilər. Bəzən həkimlər öz xəstələrinin vəziyyətinin bu formada qəfil dəyişməsinə hazır olmurlar. Ona görə də həkimlərin xəstələrini daim nəzarətdə saxlaması vacibdir. Bu isə həkimlərdən böyük səy tələb edir.

Artıq üç aydan çoxdur ki, tibb işçiləri bu sahədə bütün imkanlarını səfərbər ediblər. Belə bir vəziyyətdə cəmiyyətin bütün təbəqələri onlara yardım etməli və öz məsuliyyətlərini anlamalıdırlar.

Biznes strukturları və sahibkarlar bu məsələdə məsuliyyətli olmalı, hər bir işçinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı öhdəliklərini unutmamalıdırlar. Mütəmadi olaraq gigiyena qaydalarına, karantin rejiminin tələblərinə və verilən tövsiyələrə əməl etmək lazımdır. Hər birimiz əllərimizi tez-tez yumaqla, maska taxmaqla, sosial məsafə gözləməklə bunu edə bilərik.

Təcrübə göstərir ki, hazırda bunlar virusdan qorunmaq üçün ən effektiv vasitələrdir. Bununla bağlı hələ mart ayında İqtisadiyyat Nazirliyi tərəfindən virusdan qorunmağın yollarını izah edən videotəlimatlar hazırlanmışdı. Bu təqdimatlar bütün iri mağazalarda bu gündə səsləndirilir. Karantin rejimi səhhətimizə məsuliyyətlə yanaşmağa yönəlib.

İndi hamımızın hər zaman olduğundan daha çox məsuliyyətli və sayıq olması lazımdır. Fərdi gigiyena, sosial məsuliyyət və ciddi yanaşma koronavirusdan xilas olmağın əsas formuludur. Bu bizim üzləşdiyimiz çətin sınaqdan az itki ilə, sağlam və inamlı şəkildə çıxa bilməyimiz üçün ən səmərəli yoldur.