Bakıda qız sevdiyi oğlanı qaçırdı

17 İyul 2013 11:30 (UTC+04:00)

Bakıda oğlu Diaspor Komitəsinə çalışan Arif Məmmədov da oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edir. 


Mövqe.az xəbər verir ki, Modern.az saytına müraciət edən A.Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını  deyib. Oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edən valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.


A.Məmmədov oğlunun ailə qurmasına nəinki sevinib, bütün Bakını alt-üst edərək onun tapılmasına çalışır.


Uzun illərdir Diaspor Komitəsində çalışan 31 yaşlı Kənan Məmmədov srağa gün sevdiyi xanıma qoşularaq qaçıb.


Atasının sözlərinə görə, onlar Kənanın iki gün öncə bir qızı qaçırdığı xəbərini eşidiblər. Bir neçə saat axtarışdan sonra qızın ailəsinin kimliyi müəyyən edilib.


"Mənim oğlum ağıllı-başlı oğlan idi. Srağa gün xəbər tutduq ki, qız qaçırıb. Maraqlandıq, qızın ailəsini tapdıq. Bu qızla oğlum çoxdan idi münasibətdəydi. Dəfələrlə Kənana xəbərdarlıq eləmişdik ki, bu qızın ailəsi bizə münasib deyil. Sizin evlənməyiniz həyatda mümkün deyil. Hətta qızın valideynlərinə də məlumat göndərmişdik ki, qızınızı Kənandan uzaq tutun. Onlar isə əksinə,  oğluma tələ qururdular. Mənim oğlum qız qaçırmayıb, oğlumu qızın ailəsi qaçırıb"-deyə A.Məmmədov şikayətlənib.


A.Məmmədovun sözlərinə görə, qızın ailəsi narahat olmaq əvəzinə toy-bayram edir.


"Təsəvvür edin, qızı qaçırılan onlardır, amma nə axtarırlar, nə maraqlanırlar. Getmişik onların evlərinə bizi gülə-gülə qarşılıyırlar utanmadan. Mən o ailəni yaxşı tanıyıram, əxlaqsızın yekəsidirlər. Qızlarını oğluma sırıyıblar. Ata-anası da bu işdən əvvəlcədən xəbərdar olublar. Onlar öz razılıqları ilə qızlarını geyindirib oğlumla yola salıblar. Mənim oğlum qızdan abırlı insan idi. Onlar onu tora saldılar"-deyə ata od püşkürüb.


A.Məmmədov Kənanı oğlulluqdan sildiyini, onu heç vaxt bağışlamayacağını deyib:


"O bizim papağımızı yerə soxdu. Ailəmizi biabır elədi. Hansı valideyn istəməz ki, oğlu xoşbəxt olsun? Biz də illərdir oğlumuzun toy həvəsi ilə yaşayırdıq. Ona layiqli toy eləməyi planlaşdırırdıq. Dəfələrlə də Kənana demişdik ki, bu qız sənlik deyil, onu sənə ala bilmərik. Amma o bizim sözümüzü eşitmədi. Artıq o adda oğlumuz yoxdur, ölüb bizim üçün".


Ürəyi dolu olan ata iki gündür oğluna dəfələrlə zənğ vursa da, onu tapa bilmədiklərini qeyd edib.


"Kənan məzuniyyətdə idi. Neçə gün idi ki, məzuniyyət götürüb evdə istirahət edirdi. Amma, sən demə bunlar qabaqcadan planlaşdırıblar hər şeyi. Qızın 28 yaşı var. Lökbatanda "Embavood"da işləyirdi. Onun ailəsi necə əxlaqsız adamlardırlar ki, gecə saat 12-də 1-də qızları oğlumla görüşürdü, onlar bir dəfə soruşmurdular "ay qızım bu saatda hardan gəlirsən?".


A.Məmmədov həmçinin qeyd edib ki, yeni "qohumları" əslən Siyəzən rayonundandır.


31 yaşlı K.Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində çalışır.


Modern.az