Bakı metropoliteni gücləndirilmiş rejimə keçib

18 May 2020 11:43 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir:

"SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanmsı ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyyələr olunur".

B.Məmmədov deyib ki, metropoliten fəaliyyətini bərpa edəndən sonra qatarlar sıx intervalla hərəkətini davam etdirir: "Pik saatlarda "Həzi Aslanov"- "28 May" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib. Hazırda da metropoliten gücləndirilmiş iş rejimində çalışır".