Virus təhdidi səngimir

19 May 2020 08:51 (UTC+04:00)

 

Koronavirusa yoluxanların sayı yenidın üç rəqəmlə ifadə olunur. Bu fonda onu da qeyd edək ki, artıq karantin tədbirləri yumşaldılıb. SMS-lə icazə məsələsi ləğv olunub. Əksər müəssisələr, iaşə obyektlərinin fəaliyyəti bərpa olunub.  Amma karantin tədbirləri yumşaldılsa da, qoruyucu vasitələrdən istifadə məcburi xarakter almaqda davam edir. İctimai yerlərdə, sərnişin nəqliyyatı və metroda maska taxılması mütləqdir. Iakin görünən odur ki, metro istisna olmaqla, avtobuslarda sərnişinlərin mütləq əksəriyyəti hələ də maska taxmır. Bundan başqa, avtobusların əksəriyyətində məsafə saxlanılması tələbinə də əməl edilmir. Bütün bunların fonunda Azərbaycanda virusa yoluxanların sayı artıq üçrəqəmlə ifadə olunur. Bu belə davam edərsə Azərbaycanı hansı təhdidlər gözləyir və hansı önləyici addımlar atılmalıdır?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin fikrincə, pandemiyaya qarşı mübarizədə Azərbaycanda ciddi maarifləndirmə işləri aparılmalıdır: "Pandemiyaya qarşı mübarizədə Azərbaycanda önləyici tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən atılır. İndi karantin rejimi müəyyən qədər yumşaldılıb. Ancaq bu, o anlama gəlməməlidir ki, insanlar virusun olmaması iddiası ilə arxayınlaşsınlar.

Göründüyü kimi, ölkəmizdə indi virusa yoluxanların sayı gündəlik üç rəqəmlə ifadə olunur. Bu artımın baş verməsinin səbəbi isə insanların virusa münasibətdə sayıqlığı zəiflətmələridir. İkinci tərəfdən, xarici dövlətlərdən vətəndaşlarımız gəlir ki, onlar arasında da xəstəliyə tutulanların sayı çoxdur. Önləyici tədbirlərə gəldikdə, əvvəl verilən tövsiyələrə əməl edilməsi mütləqdir.  Maska ilə gəzmək, fərdi təcrid, ara məsafənin gözlənilməsi, qapalı və toplumun çox olduğu  yerlərdə olmamaq lazımdır. Həmçinin, şəxsi gigiyena qaydalarına əməl edilməlidir. Bunlar önləyici addımlar olaraq vacib şərtlərdir və bu şərtlər gündəmdə qalır".      

Həmsöhbətimizin fikrincə, prosesə barmaqarası baxmağımız xəstəliyin daha geniş arenada yayılmasına səbəb ola bilər: "Yəni indiki halda məsələyə daha məsuliyyətli, daha ciddi yanaşmaq tələb olunur ki, virus daha da yayılmasın. İnsanları başa salmaq borcumuzdur. Ancaq bəziləri başa düşmək istəmir, vəziyyətə barmaqarası baxırlarsa, nə edək? Bütün hallarda məcburi tədbirlərə əl atmağı tövsiyə etmirəm. Sadəcə, təbliğat  yönündə ciddi işlər aparılmalıdır. Göstərişlərə əməl etməsək, proses daha ciddi xarakter ala bilər. Bu fonda xəstələrin sayı artacaq. Ona görə də əməl etməliyik. Qarşıdan gələn isti hava şəraiti də yəqin ki, koronavirusun geri çəkilməsinə şərait yaradacaq".

Tibb elmləri doktoru Adil Qeybullann fikrincə, yaranmış durumda virusun ikinci dalğasının olması ehtimalı daha da artır: "Son zamanlar ölkəmizdə virusa yoluxanların sayının artması bir neçə amillə bağlıdır. Təcrübə göstərdi ki, Ümumdünya Səhiyyə Təşkilatı ilk andan yanlışlığa yol verib. Əslində karantin rejimi sonradan bu vəziyyətə çevriləsiydisə, infeksiya sönməmiş onu yumşaltmağın nə mənası var?

Təcrübə göstərir ki, elə ilk başdan sərt şəkildə karantin davranışları tətbiqi daha düzgün olardı. Yəni, sosial məsafə gözləyərək, əlləri dezinfeksiya edərək, maska taxmaqla hər kəs öz işilə məşğul olmalı idi. Azərbaycanda isə bir ay sərt rejim oldu, Bu zaman SMS icazəsi tətbiq edilsə də, insanlar ona da ümmən əməl etmədi. İndiki yoluxmalar da evlərdə qonaqlıqların verilməsi, həyətdə çay içmək, domino oynamaq kimi sosial məsafənin gözlənilməməsindən və maska taxılmamasından qaynaqlanır. İnsanlar da elə davranır ki, elə bil infeksiya ümumiyyətlə, olmayıb. O baxımdan nəinki ölkəmizdə, dünyanın hər yerində virusun ikinci dalğası gözlənilir. Təcrübə göstərir ki, burada kollektiv immunitetin yaranmasına ehtiyac var. İkinci bir tərəfdən, karantin davranışları sərt şəkildə gözlənilməlidir. Əsas diqqət ona yönəlməlidir".

Rüfət NADİROĞLU