LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

22 May 2020 08:12 (UTC+04:00)

Son illərdə sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlər uğurla davam etdirilib, özəl sektorun stimullaşdırılması, investisiyaların təşviqi istiqamətində mühüm addımlar atılıb. Özəl sektorun inkişafı üçün bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlib.

Bütün bunların nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir ki, 2020-ci ilin may ayının 1-nə respublika üzrə 1069762 vergi ödəyicisi qeydiyyatda olub. Onların 925818-i və ya 86,5 faizi fiziki şəxs, 143944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artıb. Bu artımın 52 min 475 vahidi fiziki şəxslərin, 14 min 422 vahidi isə hüquqi şəxslərin payına düşüb. Fiziki və hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 106 faiz və 111,1 faiz təşkil edib.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 13 min 842 vahid (12,1 faiz) artaraq 128 min 380 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 564 vahid təşkil edib və ya müqayisə edilən dövrdə 580 vahid (3,9 faiz) artıb.

Bütün bunlar şübhəsiz, respublikamızda sahibkarlığın inkişafına göstərilən xüsusi diqqət və qayğının əyani göstəricisidir. Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman bu istiqamətdə mühüm sənədlərdən olub. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, fundamental dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının «bir pəncərə» - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdı. Həmçinin, fərmanda biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunmuşdu.

Ötən illərdə sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına da müsbət təsir edib. Bu islahatlar hüquqi şəxslərə və fərdi sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə vergi uçotuna dayanma imkanı yaradıb. 2008-2018-ci illərdə vergi orqanları tərəfindən ümumilikdə, 500 mindən çox sahibkarlıq subyekti, o cümlədən 100 mindən

çox kommersiya hüquqi şəxs «bir pəncərə» prinsipi əsasında qeydiyyata alınıb və bu mütərəqqi qeydiyyat üsulundan yararlanıb.

Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 144 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 10 ildir ki, MDB ölkələri arasında birincidir.

Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin edəcək mühüm sənəd kimi dəyərləndirilir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına geniş imkanlar açıb. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.

Preamblua hissəsində qeyd olunduğu kimi, fərman ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edib. Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla İqtisadiyyat, Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediblər.

Ölkə başçısının fərmanı əsasında təkliflərin hazırlanması zamanı biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi sahəsində Yeni Zelandiyanın, tikintiyə icazələrin alınması sahəsində Honq Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın, kreditlərin verilməsi sahəsində Malayziyanın, idxal-ixrac əməliyyatları sahəsində Sinqapurun, müəssisələrin bağlanması sahəsində Yaponiyanın təcrübəsi öyrənilib.

İdxal-ixrac əməliyyatlarının aparılması sahəsində «bir pəncərə» sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Xatırladaq ki, 2009-cu ilin 1 yanvarından etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilir. Yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilib. «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmana müvafiq olaraq bu sahədə islahatlar davam etdiriləcəkdir. bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi 2 sənəd - nəqliyyat sənədi və bəyannamə tələb olunmalıdır.

Son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin

təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, "ASAN xidmət" modelinin formalaşdırılması, biznes forumların, konfransların keçirilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor yaranıb.

Regional inkişaf tədbirlərinin davamı kimi ölkə başçısının 2019-cü il 19 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2019-2023-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradıb. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

S.Elmanoğlu