Mikayıl Cabbarov ABŞ şirkətlərini Azərbaycanda investisiya imkanlarını genişləndirməyə dəvət edib

21 May 2020 16:46 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən Mikayıl Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan hökumətinin pandemiya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağlamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir.

Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır.

Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.