14 botulizm hadisəsi baş verib

17 İyul 2013 15:59 (UTC+04:00)

Bu ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 435 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən Movqe.az-a verilən xəbərə görə, 6 ay ərzində 136 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 166 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 5404, mikrobioloji göstəricilərinə görə 4914, toksikoloji göstəricilərinə görə 1440, radioloji göstəricilərinə görə isə 139 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 102-də orqanoleptik və fiziki-kimyəvi, 54-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən edilib.

Şadlıq evlərindən 16 609 yaxma, 257 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 155-də, soyuq qəlyanaltıların 4-də mikrobioloji çirklənmə aşkar edilib.  Bu ilin yanvar-iyun ayı ərzində əhali arasında 589 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 680 nəfər zərər çəki. O cümlədən 14 botulizm hadisəsi baş verib, 18 nəfər zəhərlənib.