LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

17 İyul 2013 09:00 (UTC+04:00)

Ölkə regionlarının inkişafı istiqamətində həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də əhalinin həyat tərzinin ən qabaqcıl dünya standartlarına uyğunluğunun təmin olunmasıdır. Bu məqsədlə regionların sosial-iqtisadi tərəqqisində xüsusi diqqət yetrilən məsələlərdən biri də əhaliyə göstərilən kommunal xidmətin, o cümlədən su ilə təchizatın yüksək səviyyəyə çatdırılmasıdır. Regionların inkişaf proqramları çərçivəsində qeyd olunan istiqamətdə mühüm işlər görülüb.

Ötən ilin yekunlarına əsasən, regionların inkişaf proqramı çəçivəsində əhalinin su ilə təminatının yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilmiş, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Cari il ərzində də proses davam etdirilib.

Bu fonda qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Buna konkret misal kimi qeyd edək ki, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. İcrasına 2011-ci ilin noyabr ayında başlanmış "Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən Qax şəhəri, Qaxbaş və Qaxinqloy kəndlərində 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 20 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Layihəyə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmb. Bulaq sularının toplanaraq şəhərə ötürülməsi məqsədi ilə suqəbuledici qurğu tikilmiş və bu mənbədən Qax şəhərinə qədər 250 mm diametrli borularla 6,7 km magistral su xətti çəkilib. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək məqsədi ilə inşa edilən və hər birinin tutumu 1000 kubmetr olan 6 ədəd su anbarında son tamamlama işləri aparılır.

Qax şəhərində ümumi uzunluğu 119 km olan şəhərdaxili su şəbəkəsinin 55 km-lik hissəsi çəkilib, 2 minə qədər ünvan şəbəkəyə qoşulub. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir.

Layihəyə uyğun olaraq, Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılır. Bu məqsədlə şəhərin Heydər Əliyev prospekti boyunca 17 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatıb, 89,5 km kanalizasiya şəbəkəsinin isə 34 km-lik hissəsində işlər yekunlaşıb. Qax şəhərində, Qaxbaş və Qaxinqloy kəndlərində yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Qax şəhərinin su təchizatı sistemi 1950-60-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək Qax şəhərinin əhalisi çay və artezian sularından istifadə edirdi. Şəhərdə mövcud olmuş su şəbəkəsi istismara yararsızdır və şəhər əhalisinin təxminən yarısı mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur.

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi də uğurla icraya yönəlməkdədir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən Azərbaycan regionlarının, o cümlədən Şirvan şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Tovuz şəhərinə də içməli su xəttinin çəkilişi nəzərdə tutulurdu. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmış və layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanıb. Layihələrin icrasına 2010-cu ilin dekabr ayında start verilib. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi rayon mərkəzi, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin su tələbatını ödəyəcək. Layihənin tələblərinə əsasən 16 min şəhər və 28 min kənd əhalisinin sutka ərzində su tələbatı tam ödənilməlidir. Bütövlükdə tikintinin başa çatdırılması ilə 20 min şəhər və 30 min kənd əhalisinin suya olan tələbatı tam ödəniləcək. Mənbədən alınan suyun keyfiyyəti mövcud içməli su standartlarına tam uyğundur. Gələcəkdə Tovuzçay dəryaçasının tikintisinin başa çatdırılması ilə əlaqədar quyuların məhsuldarlığının artması da gözlənilir.

Tovuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri 3 mərhələdə aparılıb. Birinci mərhələdə magistral boru xətti, su anbarları, xlorlama və digər struktur obyektlərinin tikintisi başa çatıb. Bu mərhələdə subartezian quyularından nasos stansiyasına qədər 1588 metr uzunluqda polietilen borulardan xətt, nasos stansiyasından su anbarları meydançasına qədər magistral su kəməri və su anbarlarından şəhər şəbəkəsinə qədər uzunluğu 3434 metr olan magistral su xətləri çəkilib. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, suya xlor vurma və laboratoriya binaları, hər birinin həcmi 2500 kubmetr olan yeni su anbarları tikilib.

İkinci mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq Tovuzçayın məcrası boyunca Qazqulu kəndi zonasında 5 subartezian quyusu qazılıb, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli "Sukanal" İdarəsi üçün xidməti bina və istehsalat bazası tikilib. Layihənin icrasının üçüncü mərhələsində çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edir. Məhsuldarlığı gün ərzində 7 min kubmetr olan çirkabtəmizləyici qurğuya gələcəkdə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaq.

İcrasına 2011-ci ilin sentyabrında başlanmış "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi" üzrə isə işlərin böyük hissəsi başa çatıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə İmişli şəhəri ilə yanaşı, Beyləqan rayonun Əhmədli kəndini də əhatə edəcək.

İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Beyləqan rayonu Aşıqallılar kəndi yaxınlığındakı ərazidə yerləşən yeraltı sular seçilib. Burada 5 ədəd subartezian quyusu qazılmış və quyu zonasından İmişli şəhərinə 630 mm olan diametrli borularla 29,5 km uzunluğunda magistral su xətti çəkilib, ümumi tutumu 6500 kubmetr olan 2 ədəd su anbarı tikilib istifadəyə verilib. Layihə çərçivəsində İmişli şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri də yenidən qurulur. Ümumi uzunluğu 167 km olan şəhərdaxili su şəbəkəsinin 159 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilib. İmişli şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 km olan kanalizasiya şəbəkəsinin, 15,7 km uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Gələcəkdə tullantı suları şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcəkdir.

Şirvan şəhərində də əhalinin su ilə təminatının yaxşılaşdırılması digər bölgələrdə olduğu kimi xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatıb. Şəhər əhalisinin bir hissəsi Kür çayının qismən təmizlənmiş suyu ilə günaşırı olmaqla 12 saatlıq rejimlə təchiz edilir. Lakin burada artan tələbatı ödəmək üçün yeni mənbə kimi Şirvan-Muğan qrup kəməri seçilib. Rəsmi statistikaya əsasən, hazırda Şirvan şəhərinin əhalisinin sayı 79 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunub. Şirvan-Muğan qrup kəməri sayəsində isə əhalinin hamısı mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunacaq. Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır.

Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaq. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilib və daxili şəbəkənin qurulmasına başlanıb. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaq. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar. Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır. Su təchizatı yaxşılaşdırılan ölkə regionlarının sayı kifayət qədərdir və ümumiyyətlə, bu proses bütün bölgələri əhatə etməkdədir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.