Virusun bitəcəyi tarix bilinmir - Sədr

22 May 2020 17:46 (UTC+04:00)

Yaxın günlərdə yeni modul tipli xəstəxanamız açılacaq və tibb işçilərimiz oraya cəlb ediləcəkdir.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bəzi tibb müəssisələrində simptomatik halların artımı müşahidə olunur. "Yeni klinika"da 100-dən artıq koronavirus xəstəsinin müalicəsi aparılır.

Eyni zamanda ,10 yeni laboratoriyanın qurulması planlaşdırılır. Bu bizim test aparma imkanlarımızı artıracaq. Yaxın günlərdə 260000-ə yaxın test aparılıb".

O əlavə edib ki, ölkəmizdə aparılan test sayı yoluxma hallarınln aşkar olunmasına odekvatdır: "Vətəndaşların müəyyən edilən qaydalara riayət etmələri testlərin sayından daha önəmlidir. Bu günə qədər aparılan testlərin 1,3 faizi pozitiv aşkarlanıb. Ola bilər ki, testlərin sayında azalma aparılsın.

Eyni zamanda, gələn aydan seroloji testlər aparılacaq. Bu testlər orqanizmin fərdi imun cavabının necə olduğunu göstərəcək. Koronavirusa qarşı yaranan anticismlərin davamlılığının nə qədər olduğu müəyyən olunacaq. Eyni zamanda, bu testlər ölkəmizdə koronavirus pandemiyasının qeydə alınmasından Ağciyərlər institunda vəziyyəti ağır olan xəstələrin üzərində də tətbiq olunacaq. Bu bizə koronavirusun daha əvvəl ölkəmizdə olub-olmadığını müəyyən etməyə kömək edəcək".

O qeyd edib ki, xəstələrdən əldə olunan plazma müalicələr davam edir: "Bu müalicələrin nəticələri seroloji testlər nəticəsinə müəyyən olunacaq.

Eyni zamanda, vəziyyəti ağırlaşan xəstələr əsasən evdə özünü müalicəyə cəhd edən şəxslər arasında qeydə alınıb. Evdə özünü müalicəyə cəhdin qarşısı alınmalıdır" .

O əlavə edib ki, çağrı mərkəzinə 2000 zəng daxil olunub. Həmçinin xaricdən ölkəmizə vətəndaşların gətirilməsi davam edir: "1139 nəfər karantinə alınıb. Bu vətəndaşların 20 faizindən çoxunda pozitiv nəticə qeydə alınıb. Bu həftə ərzində 600 nəfər Almaniya, Polşa və Belarusiyadan ölkəmizə gətirilib".

Ramin Bayramlı əlavə edib ki, bir təyyarədə gələnlərin 30 faizində yoluxma qeydə alınıb və bu səbəbdən təyyarədə olanlar karantinə alınıb: "Hazırda dünyada virusun nə vaxt bitəcəyi tarix bilinmir. Virusla mübarizənin nə qədər davam edəcəyini bilmədiyimiz üçün, virusla yaşamağı öyrənməliyik. Həyati riskləri nəzərə alsaq, imtina edəcəyimiz şeylərə önəmli deyil".