"Könüllülər ili”ndə gəncliyin potensialından daha geniş istifadə edilməsi prioritet vəzifədir

23 May 2020 21:59 (UTC+04:00)

Müasir Azərbaycanda könüllülük sahəsində ilk addımlar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılıb. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. Həmin proqram əsas götürülərək, 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsipləri geniş təbliğ edilib. 2009-cu ildə isə Milli Məclis tərəfindən “Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunması Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə güclü təkan verib. Qeyd edək ki, 2013-cü ilə kimi könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstəririb. Həmin il Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradılıb. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə  geniş imkan verib.
      Ümumiyyətlə, son 17 il ərzində gənclər siyasətinin diqqət mərkəzində saxlanılması nəticəsində gənclik cəmiyyətin aparıcı qüvvəsi kimi tanınıb, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində  xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib. 
    Prioritet istiqamət olaraq müəyyənləşdirilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasını da şərtləndirib, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib.
Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalaması  ilə respublikamızda gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə daxil olması da bunun bariz ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.
Yeri gəlmişkən, həmin sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olunub.
Sərəncamda qeyd olunur ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.    
       Prezident İlham Əliyevin xeyir-duası ilə təşəkkül tapan “ASAN” könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına müsbət təsir göstərib. “Bir” Tələbə-Könüllü proqramı, “Aqrar İnkişaf Könüllüləri”, prokurorluq orqanlarında “ictimai köməkçilər” kimi çoxlu sayda könüllü hərəkatları   dövlətimiz, cəmiyyətimiz üçün mühüm önəm daşıyan təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini  yetişdirib, kadr ehtiyatını inkişaf etdirib.  
       Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın fəal iştirakçısına çevriliblər,   “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirərək, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmağa fürsət yaratmağı bildirib.    
      Bu ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi isə insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə müsbət təsir göstərir.    
      Azərbaycanda gənclərə göstərilən bu etimadın, diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkəmizin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. 
     Azərbaycan Prezidenti çıxışlarında gənclərin, xüsusilə könüllülərin  son illər ərzində ictimai həyatda çox fəal rol oynadıqlarını, bu ilin müvafiq sərəncamla “Könüllülər ili” elan edildiyini, qısa müddət ərzində respublikada çox böyük, çoxminli könüllülər ordusu yaradıldığını, könüllülərin öz işi, öz fəaliyyəti ilə cəmiyyətdə çox böyük rəğbət qazana bildirdiklərini, ölkədə həyata keçirilən islahatlara mühüm töhfə verdiklərini diqqətə çatdırıb. 
     Yeni növ koronavirus (COVID-10) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində də könüllülük hərəkatı özünü daha qabarıq şəkildə göstərir. Belə ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, adı çəkilən  infeksiyanın yarada biləcəyi təhlükə ilə mübarizə tədbirlərinin həyata keçirilməsində dövlət qurumları ilə bərabər, gənc könüllülər də fəal iştirak edirlər. Onlar Heydər Əliyev Fondu  tərəfindən imkansız şəxslərə verilən ərzaq bağlamalarını ünvanlara çatdırır, vətəndaşlara tibbi maska və spirtin paylanılmasına kömək göstərir, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işi aparırlar. Bununla da könüllülər pandemiya dövründə də  dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirirlər.
      Bu gün Azərbaycan Prezidenti gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasını, onların məşğulluğunun təmin edilməsini, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirilməsini əsas hədəflər kimi qarşıya qoyub.
     Son illər ərzində gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması mövcud konsepsiyanın uğurla icrasının göstəricisidir. Bunu gənclərin artıq müşahidəçi qismindən birbaşa siyasi-ictimai proseslərin iştirakçısına çevrilməsi faktı da sübut edir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.