Taekvandoçumuz dünya çempionatının bürünc medalını qazanıb

18 İyul 2013 13:40 (UTC+04:00)

Meksikanın Puebla şəhərində keçirilən taekvando üzrə dünya çempionatının 3-cü günü Azərbaycan millisi üçün üğürlu alınıb. Mövqe.az-ın məlumatına görə, qadınlardan ibarət yığmamızın üzvü Fəridə Əzizova 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.


İlk döyüşdə rəqibi Fanal Lalrempuiinə (WTF) 4:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti döyüşünü Perisiç Dojanaya (Serbiya) qarşı keçirib. İdmançımız 2:2 hesablı bərabərliyə qalaraq rəqibini qızıl xalla məğlub edib. Çinli idmançı Qvo Tun Fei ilə döyüşdən 3:0 hesablı inamlı qələbədən sonra taekvondoçumuz yarımfinala yüksəlib.


Bu mərhələdə tayvanlı Çuanq Çia Çia idmançımızı məğlub edib - 5:8. Bununla da Fəridə dünya çempionatında bürünc medal qazanan ilk qadın idmançı kimi Azərbaycan taekvondo tarixinə düşüb.


Qeyd edək ki, Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatyada kecirilən Avropa çempionatının bürünc, 2012-ci ildə Misirdə gənclər arasında dünya çempionatının qızıl mükafatını qazanıb. O, bu il Moldovanın paytaxtı Kişinyovda keçirilən 16-21 yaşlılar arasında Avropa cempionatının qalibi olub.