AMEA-nın liseyi və universiteti yaradılacaq

18 İyul 2013 14:02 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) liseyi və universiteti yaradılacaq. Bu barədə AMEA prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib.


O qeyd edib ki, AMEA sovet idarəçilik ənənəsindən uzaqlaşmağa çalışır: "Təəssüflər olsun ki, sovetlər dövründə elmi təhsildən ayırdılar, ancaq həyat göstərdi ki, elm təhsilsiz inkişaf edə bilməz. AMEA-da gələcəkdə lisey yaradılmalıdır. Bu, gələcəkdə olacaq. Ancaq indiki halda AMEA-da magistratura mütləq yaradılmalıdır. Hazırda bununla bağlı sərəncam hazırlanır. Gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi, daha sonra AMEA Universiteti yaradılmalıdır. Biz bütün bunları həyata keçirməyi nəzərdə tutmuşuq".


A. Əlizadə bildirib ki, AMEA-da ilk dəfə olaraq hüquq şöbəsi də yaradılıb. Onun sözlərinə görə, indiyə qədər bir çox məsələlərdə görülən işlərin hüquqi aspektləri tam müəyyənləşməyib.


O əlavə edib ki, informasiya kommunikasiya sahəsində AMEA-da ciddi narahatlıqlar mövcud olub: "Hətta bəzi institutların veb-saytları olmayıb. Bu gün isə həmin problemin aradan qaldırılması istiqamətində işlər gedir: Hazırda biz bu istiqamətdə mühüm işlər görürük və veb-saytları yüksək səviyyədə yaratmağa çalışırıq. Bu gün informasiya olmadan nəinki elm və təhsil, heç bir sahə inkişaf edə bilməz. Bu gün internet vasitəsi ilə hər bir məsələ həll olunur, hətta həkim diaqnoz da qoyur. AMEA-nın institutlarında bu sahədə çatışmazlıqlar vardı. AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək informasiya-kommunikasiya texnologiyaları mövcuddur. İnformasiya Texnologiyaları İnstitutunun təcrübəsindən istifadə edərək AMEA-da İKT tətbiqini yüksək səviyyəyə qaldırmaq niyyətindəyik".


AMEA prezidenti "Elektron hökumət" layihəsinə elmi dəstəyin AMEA tərəfindən verilməsinin zəruriliyini də qeyd edib. A. Əlizadənin sözlərinə görə, hazırda AMEA 17 dövlət proqramında iştirak edir. Bu proqramlar sosial-iqtisadi, mədəni sferaları əhatə edir.