Korona şayiələrinə son qoymaq məqamı çatdı

31 May 2020 13:15 (UTC+04:00)

4 aydır ki, dünyanı Koronavirus təhlükəsi bürüyüb. Avropada kütləvi yayılma və ölüm baş verəndə Azərbaycanda 2 rəqəmə güclə çatan xəstə sayı olsa da, əhali panika içində deyirdi ki, xəstəxanalar doludur, xalqdan gizlədirlər, ölkədə virus tüğyan edir. Sonra cənab Prezident İlham Əliyevin göstərişi ilə TƏBİB və Nazirlər Kabineti ilə bərabər Operativ Qərargah yaradıldı, onlar çox böyük fədakarlıqlar göstərərək vəziyyəti nəzarətdə saxlamağı bacardı və mütəmadi brifinq keçirərək əhalini vəziyyət barədə məlumatlandırmağa başladı. Bəs xalq olaraq biz neylədik? Əvvəl xəstəxanaların dolması ilə bağlı şayiə yayan Niquşlar təzə bəhanə tapdılar. Guya Azərbaycanda xəstəlik yoxdu, Koronavirusdan dünyasını dəyişən insanlar adi xəstələrdir, pul verib korona yazdırırlar. Başqa xəstəlikdən rəhmətə gedən qocaların qohumuna pul təklif edilir, viruslu xəstə kimi qeydiyyata alınsın, əksər vaxt xəstə yiyələri puldan imtina edir. Amma fakta gələndə heç kim fakt göstərə bilmir, hamı eşitdiyini deyir. 
Keçək əsas mətləbə...
Məlum Ramazan tətili ilə bağlı 3 ay fasilədən sonra ata yurduma getmişdim. Məlum oldu ki, bizim kənddə də ailəvi və fərdi analizi pozitiv çıxanlar karantin zonasına aparılıb. Çox əminliklə qeyd edildi ki, karantində saxlananlara qayıdanda hər nəfər üçün 290 manat pul verilib. Ailəvi aparılanlara isə 900 manat ödəniş olub. Yani bunu 1 nəfər yox, bütün kənd tanıdıqları kənd sakinlərimiz barədə o qədər əminliklə qeyd etdi ki, inandım.
Dünəndən həmkarlarımızın yaxın adamlarının da analizlərinin pozitiv çıxdığını biləndə əminliklə onlara bildirdim ki, karantindən çıxanda onlara 290 manat verəcəklər. Xəbəri TƏBİB-in mətbuat katibi Rəvanə xanım Əliyevadan dəqiqləşdirmək istəyəndə məlum oldu ki, bu, şayiədir. Yenə inanmayıb kəndin rəhbərliyinə müraciət etdim. Ordan mənə birbaşa o xəstələrlə əlaqəli olduqları üçün belə məlumatdan xəbərsiz olduqlarını bildirdilər. Xahiş etdim ki, birbaşa karantindən gələn xəstələrlə bir də əlaqə saxlasınlar, məlum oldu ki, onlara heç bir ödəniş olmayıb. 
Kim yayır bu şayiələri? Məqsəd nədir? Çox təəssüflə demək olar ki, ölkənin hər yerində hansısa məqsədlər üçün belə şayiə kampaniyası aparılır, dövlətimizin məlum pandemiya ilə bağlı apardığı uğurlu mübarizəyə kölgə salmağa çalışırlar. 
Artıq vaxtdır, bu işlə güc orqanlarının ciddi məşğul olması məqamı çatdı. Belələrinə qarşı birgə mübarizə aparmalıyıq.
Biz birlikdə güclüyük!
Elnurə Abuşova