Gənc oğlan ana və bacısını niyə güllələdi? - İcradan açıqlama

1 İyun 2020 14:20 (UTC+04:00)

Hadisəni törədən gənc və atası kənddə avtomobil təmiri işi ilə məşğul olurlar. Kənddə hamı onları peşəkar avtomobil ustası kimi tanıyır. Problemsiz ailədir. Belə bir ailədə bu cür hadisənin yaşanması bizi də təəccübləndirib.

Bu sözləri Axar.az-a açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər İsmayılov Alaçadırlı kəndində ana və qızının ölümü ilə nəticələnən ailədaxili münaqişə haqda danışarkən deyib. A.İsmayılov bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi barədə heç kəsin məlumatı yoxdur:

“Hadisəni törədən gənci yaxşı tanıyıram. Ailə başçısı da sakit, öz işində olan biridir. Ata və oğul ikisi də yük avtomobilləri təmiri yerində çalışır. Tanıdığım qədərilə, çox gözəl ailə olublar. Təbii ki, evin içini biz bilə bilmərik. Ancaq problemli ailə olmayıblar”.

Kələntərli kənd bələdiyyəsindən verilən məlumata görə isə hadisəni törədən T.Zeynallı narkotik istifadəçisi olub. Hadisəni də narkotikin təsiri altında törədib.

Xatırladaq ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürüb.

Hazırda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları T.Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.