Lider TV-də son durum: Bağlanacaq və... - Açıqlama

1 İyun 2020 15:44 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.

Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən Axar.az-a bildirib ki, sözügedən iddia mayın 12-də verilib:

“Hələlik bununla bağlı proses davam etdiyi üçün iddia səbəbini açıqlaya bilmərik. Müflis elan edilmə ilə bağlı iddialar qarşı tərəfin vəzifəsinin öhdəsindən gələ bilmədikdə, vergi və s. borcları ödəmədikdə qaldırılır. Bizim qaldırdığımız iddianın nəticəsi ilə bağlı qərarı isə məhkəmə verəcək.

Məsələyə münasibət bildirən televiziya eksperti Zeynal Məmmədli isə saytımıza deyib ki, bundan sonra “Lider” bağlana və başqa qurumun tərkibinə qatıla bilər:

“Lider TV-nin müflis elan edilməsi ilə bağlı iddia qaldırılması hüquqi və iqtisadi məsələdir. Lider TV-də durumun yaxşı olmaması artıq bir neçə ildir məlumdur. Əməkdaşlarından bir çoxu əmək haqqı ala bilmədikləri üçün kanalı tərk edir. Belə görünür ki, “Lider” televiziyası çətin durumdadır. Çox güman ki, bağlanacaq və ya başqa quruma daxil ediləcək”.