Şəkinin mərkəzində tutulan ayı volyerdə müşahidə altındadır

1 İyun 2020 21:51 (UTC+04:00)

Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.

Mövqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Nazirliyin sözçüsü qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlığını bildirib.

Xatırladaq ki, mayın 31-də gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülüb.