Rəğbət və birlik məktubları

2 İyun 2020 08:45 (UTC+04:00)

 

17-ci ildir ki, Azərbaycan tarixinin iqtisadi-siyasi, ictimai-mədəni intibah dövrünü yaşayır. Həyatın elə bir sahəsi yoxdur ki, orada ölkəmiz özünəməxsus inkişaf yoluna malik olmasın. Bəli, dövlətimiz və xalqımız sürətlə inkişaf edir, müasirləşir, təkmilləşir, gözəlləşir və dünyanın qabaqcıl ölkələri ilə daban-dabana irəliləyir. Təbii ki, bütün bunlar öz-özünə baş vermir. Ölkəmiz, dövlətimiz idarə olunur, siyasi qərarlar qəbul edilir, iqtisadi layihələr həyata keçirilir. Xalq da bunları görür və qiymətləndirir. Şübhəsiz, bu işlərin önündə Prezident İlham Əliyev addımlayır. Məhz onun siyasi və iqtisadi strategiyasının nəticəsidir ki, Azərbaycan inkişaf edən dövlətlər üçün nümunəvi idarəetmə modeli kimi bütün dünyada qəbul edilib. Amma bütün idarəetmələrin bir iksiri olur. Azərbaycanın iksiri, dövlət başçısının dəfələrlə bəyan etdiyi və işdə sübuta yetirdiyi “xalqa xidmət” funksiyasıdır. Dövlətimiz sosial mahiyyətlidir və əhalinin rifah halının daim yaxşılaşdırılması qarşıda duran başlıca məqsəddir. Xalq da bu xidməti itirmir və hakimiyyət ətrafında sıx birləşməklə ona dəstək olur.

Bu günlərdə  Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər. “Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir.

Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVİD-19-dan ölüm sayı 10 minlərə çatdığı halda Sizin müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə öz təşəkkürümüzü bildiririk”.

Vətəndaşların məktubları yalnız görülən işlərə görə təşəkkürlərlə bitmir. Belə məktubların məzmuni ictimai nəzarətin nəticəsi ilə də güclü təsir gücünə malikdir. Məsələn, şamaxılı ağsaqqallar təəssüf hissi ilə qeyd edirlər ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var: “Bu, ölkəmizi, vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir”. “Əmin ola bilərsiniz...” ifadəsi güclü emosional və praktiki təsir gücünə malikdir və  hər hansı ölkə rəhbərinin sabit fəaliyyətinin stimullaşdırıcı amilidir. Prezident İlham Əliyevdə  xalqın dəstəyinə olan böyük əminlik hissi respublikamızın inkişafında təkanverici qüvvədir.

Cəlilabad rayonundakı Suluçeşmə kəndinin sakini, Qəhrəman ana Nəzakət Zeynalova Prezidentə yazır: “Böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm”. Fədakarlıq insan xarakterinin ən ünlü keyfiyyətlərindəndir və qeyd etməliyəm ki, bu mahiyyəti heç də həyatda olan bütün insanlara şamil etmək mümkün deyil. Əgər, dövlət başçısı öz ölkəsinin sadə vətəndaşından belə bir qiymətə layiq görülürsə, o, xoşbəxtdir. “Mən özüm xalqın bir nömrəli xidmətçisiyəm” deyən Prezident İlham Əliyev bu qiyməti başqalarının taleyinə biganə qalmaması ilə qazanıb.

Sumqayıt şəhərindən şəhid anası Gülüzar Tapdıq qızınıpn təşəkküründə isə xalqa xidmətin böyük mənəvi çaları əks olunub: “Mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır”. Xalqın sevgisi ilə yoğrulan etimadın dəyəri ölçüyəgəlməzdir. Şəhid ailələrinə birdəfəlik böyük məbləğdə dövlət yardımının göstərilməsi, şəhid balalarının təhsilinə və vətənə layiqli övlad kimi böyüməsinə Prezident və Birinci vitse-prezident tərəfindən göstərilən qayğının hüdudları limitsizdir. Şəhidlərin xatirəsinin dövlət tərəfindən əziz tutulması sabahkı mərdliyimizin açarıdır. Xalqla iqtidarın birliyi də bu mərdlikdən qidalanır.

Prezidentə ünvanlanan və vətəndaş məmnunluğunu səmimi ürək sözlərilə bəlirlədən məktubların arası kəsilmir. Bu da təbiidir. Çünki ölkə rəhbərliyinin qayğıkeş siyasəti ardıcıllığı ilə ürəkləri fəth edir. Ölkəmizin hər bir guşəsindən gələn bu məktublar islahatlar dönəmində ictimai rəyin öyrənilməsi üçün ən dəqiq barometr funksiyasını yerinə yetirir. Bütün məktublar “Çox sağ olun, əziz Prezidentimiz!” nidası ilə bitir və xalqımızın dövlət başçısına rəğbətinin qırmızı xəttini ifadə edir.

N.NOVRUZ