Müharibə hazırlıqları Ermənistanın ümidlərini məhv edib

2 İyun 2020 09:33 (UTC+04:00)

 

Bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış "Qobu-3" şəhərciyinin açılışında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı İrəvanda siyasi və hərbi çaxnaşmaya səbəb olub. Dövlət başçımızın Qarabağın işğalı nəticəsində doğma ev-eşiyindən didərgin düşmüş soydaşlarımızın yeni məskunlaşma yurdunda müvəqqəti qalacaqlarını, tezliklə azad edilmiş torpaqlarımızda şəhər və kəndlərimizin yenidən, daha gözəl və rahat, müasir üslubda tikiləcəyini bəyan etməsi xalqımızın ümidlərini artıran inam, düşmənə isə son ümidlərini də itirən inamsızlıq verib. Erməni jurnalist Qraçya Qalustyan analitik yazısında qeyd edir: "İlham Əliyev heç nədən bəyan etmir ki, "Dünyada güc amili ön plana çıxır". O, bu bəyanatı məcburi köçkünlərlə görüşündə bildirib".

Jurnalist bundan bir neçə gün əvvəl Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun  ordumuzun qarşısında duran planlar haqda açıq danışması da ermənilərin dizlərinin əsməsinə səbəb olub: "Düşmən mürgüləmir. Bundan başqa, o öz planları barədə açıq danışır. Məsələn, Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordunun rəhbər heyəti ilə Mərkəzi komanda qərargahında keçirdiyi görüşdə bizi hədələyib. Bəli, bu ilk dəfə deyil. Çoxdan anlamaq və etiraf etmək vaxtı gəlib çatıb ki, həmişə rəqibi düzgün qiymətləndirmək qiymətləndirməməkdən daha yaxşıdır".

Təsadüfi deyil ki, müəllif yazısına "Əgər sabah müharibə..." sərlövhəsi qoyub. Açılq görünür ki, erməni jurnalist müharibənin başlamasının onlar üçün nə qədər dəhşətli sonluqla bitəcəyini yaxşı anlayır və buna görə də "başlasa" sözünü yazmaqdan belə çəkinir. Zakir Həsənovun 2016-cı il döyüşləri haqda dediyi sözlər və müharibənin yeni dalğasının xarakteri barədə səsləndirdiyi fikirlər Ermənistanda qorxu ilə öyrənilir. Bu səbəbdən Qalustyan qeyd edir: "Üstəlik, təkrar edirəm, Bakıda planlar haqda açıq danışırlar: "Düşmən anlamalıdır ki, bu dəfə götürəcəyimiz ölçülər 2016-cı ilin aprelindəki hadisələrdən tamamilə fərqlənəcək, vuracağımız zərbələr isə tam siyasi, iqtisadi və hərbi iflasa uğradacaq"-deyə, Həsənov bəyan edir".

Ölkəsinin çıxılmaz vəziyyətə düşdüyünü bildirən müəllif bunun səbəblərini və səbəbkarlarını axtarır. İlk növbədə o, əvvəlki hakimiyyəti günahlandırır və o vaxtkı prezident Serj Sarkisyanı, müdafiə naziri Seyran Ohanyanı və baş qərargah rəisi Yuri Xaçaturovu aprel məğlubiyyətinin əsas günahkarları kimi görür. Qalustyan təəccüblənir ki, bu vaxtadək nə üçün bu adamlar məhkəmə qarşısına çıxarılmayıblar. O, arada gücsüzlüklərini etiraf etməyə də məcbur olur: "Onların günahı aydındır, sadəcə, güzlətməyin mənası yoxdur. Çünki əllərini ağdan-qaraya vurmayıblar. Ordunun real gücləndirilməsi barədə deyilənlər isə reklamdan başqa bir şey olmayıb. Hay-küy, çığır-bağır, nəticədə isə ordu güclənməyib. Əksinə, silahlı qüvvələrin əl-qolu bağlanıb, çünki düşmən Naxçıvan istiqamətində xeyli güclənib. Bunun günahı isə yeni hakimiyyətin üzərinə düşür. Azərbaycan zəif cəhətlərimizi gözəl bilir və bundan istifadə edərək gücünü artırır".

Qalustyanı hiddətləndirən digər bir məsələ isə ATƏT Minsk qrupunun Azərbaycanın dövlət başçısı və müdafiə naziri tərəfindən səsləndirilən bəyanatların qarşısında həmsdər ölkələrin və KTMT rəhbərlərinin susqunluq nümayiş etdirməsidir. Həmişə olduğu kimi ermənilər istəyirlər ki, onların əvəzinə başqaları çıxış etsinlər. İrəvanda artıq başa düşürlər ki, Azərbaycan müharibəyə tam hazırdır. Amma onların arxalarında ümid bəslədikləri hər hansı dövlət və ya  təşkilat yoxdur. Ekspert Tevos Arşakyanı da bu fikirlər narahat edir. O, yazdığı məqalədə qeyd edir ki, mayın 26-da keçirilmiş KTMT-nin iclasında əvvəlcədən bildirilmişdi ki, regional situasiyalar müzakirəyə çıxarılacaq. Erməni nümayəndə heyəti düşünürdü ki, bu hadisə Qarabağla bağlıdır və nəhayət, onların da təmsil olunduğu hərbi təşkilat bu məsələyə prinsipial münasibətini bildirəcək. Lakin onların düşündükləri bu dəfə də "daşa" dəyib. Belə ki, iclasda Əfqanıstandakı vəziyyət regional situasiyanın əsas subyekti kimi müzakirəyə çıxarılıb. Ermənilər isə İrəvana dərin depressiya içərisində qayıdıblar. Çünki erməni hərbi-siyasi xadim, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Veteranlar Şurasının fəxri sədri, Ermənistan Silahlı Qüvvələrinin keçmiş komandiri və Baş Qərargah rəisi (1992-1995-ci illər), general-leytenant Norat Ter-Qriqoryans Ermənistanın özünü təhlükəyə sürükləməsi ilə bağlı deyib ki, ümumilikdə bütün qoşunlar hərbi təlimlər keçirirlər, xüsusən isə Azərbaycan daim türklərlə hərbi təlimlər keçirir: "Onlar hərbi əməliyyatların dağlıq səhnəsində əməliyyatların bütün planlarını hazırlayırlar. Hərbi təlimlər örtüyü altında birdən-birə əyilə və hücum edə biləcəklərini heç kim bilmir, çünki müharibə zamanı hərbi əməliyyatlarda ən vacibi aldatmaq, kimin kimi birinci aldadacağıdır. Bu, aldatmadır. Onların əməliyyat maskalanması planı var... Onların kəşfiyyatı çox yaxşı işləyir. Onların İrəvanda da gizli agentləri var. Məsələn, İrandan turist-muristlər gəlirlər. Elə bilirsiniz onlar yalnız farslardır? Nə danışırsınız? Onlar arasında tamamilə azərbaycanlılar var".

Təbii ki, təcrübəli hərbçilərin bu cür proqnozlarından sonra ermənilərin dizləri də əsər, hələ desən, əlləri də.

N.NOVRUZ