Ticarət obyektlərində yaranan təhdid

2 İyun 2020 08:54 (UTC+04:00)

Azərbaycanda pandemiya ilə bağlı olaraq həyata keçirilən karantin rejimi tədricən yumşaldılır. Növbəti dəfə iyunun 1-dən başlayaraq marketlərin, mollar və digər iri ticarət müəssisələrinin fəaliyyətinə yaşıl işıq yandırıldı. Bu isə o deməkdir ki, müxtəlif mal və məhsul almaq üçün yenidən həmin obyektlərə insanlar axın edəcək. Mövcud vəziyyət isə onu göstərir ki, digər məkanlarda olduğu kimi, marketlərdə, mollarda, iri ticarət mərkəzlərində də pandemiya qaydalarına uyğun hərəkət etmir. Təəssüf ki, bu obyektlərdə də sosial məsafəyə, sanitar qaydalara heç də tam əməl olunmur. İnsanlarımızın bir çoxu bu qaydaları nədənsə iqnor edir.  Bu isə virusun daha sürətlə yayılmasına gətirib çıxara bilər. Ona görə də yaranmış vəziyyət sözügedən məsələdə vacib addımların atılmasını tələb edir.  Bu məsələ həllini necə tapmalıdır?

Ekspert Azər Allahverənov qeyd etdi ki, insanların ticarət obyektlərində sosial məsafəni gözləmələri, onların qoruyucu maskalardan istifadə etməsinə stimul yaratmaq istiqamətində həmin müəssisə sahibkarlarının üzərinə mühüm məsuliyyət düşür: "İnsanların sıx olduğu yerlərdə sosial məsafənin gözlənilməsi və qoruyucu vasitələrin taxılması olduqca vacib məsələdir. Zaman-zaman nəinki təkcə market və ticarət mərkəzlərində, hətta ictimai nəqliyaytda da əksər hallarda  nəinki sosial məsafənin gözlənilmədiyinin, habelə qoruyucu vasitə olan maskaların taxılmadı, əlcəklərin geyilmədiyinin  də şahidi oluruq. Belə vəziyyət isə təbii ki, pandemiyanın yayılmasına birbaşa səbəb olan amillərdir. Son bir gün ərzində iki dəfə ticarət mərkəzində sosial məsafəni gözlədiyim halda, digər bir neçə vətəndaşın gəlin qarşıma keçərək kassa ilə aramda yenidən sıxlığa gətirib çıxaran mənzərənin yaranmasına səbəb olduqlarının şahidi oldum. Bu da məhz sosial məsafənin gözlənilməməsinin nəticəsidir.  Sərnişin nəqliyyatında da anoloji vəziyyət hökm sürür. Şahidi oldum ki, sərnişinlər məsafə gözləmədən avtobusun içinə doğru daxil olmağa çalışırdılar. Həmçinin, avtobusda olanların əksəriyyəti maska taxmır. Bunlar hamısı xoşagəlməz hallardır. Digər tərəfdən, artıq ticarət mərkəzləri, mollar da açılır.  Belə olan halda təəssüf ki, həmin obyektlərdə də eyni mənzərənin yaşayacağına əminəm.

Bu fonda hər bir ticarət mərkəzinin rəhbəri ilk növbədə zəruri təhlükəsizlik tədbirlərini həyata keçirməlidir. Ən azından ticarət mərkəzlərinin girişində müxtəlif məlumatlandırıcı lövhələr asılmalıdır. Sosial məsafələri göstərən elanlar və zolaqlı xətlər qoyulmalıdır. Başqa bir tərəfdən, bütün ticarət mərkəzlərində texniki vasitələrlə səsli mesajlar verilməlidir. Ərəb ölkələrində yayımlanan reportajlarda gördüm ki, bu dövlətlərdə fəaliyyət göstərən ticarət mərkəzlərin qarşısında quraşdırılan xüsusi videokameralar vasitəsilə görüntülər verilir. Nəticədə ticarət mərkəzinə daxil olan hər bir şəxs həmin kameraların önündən keçir. Buradakı nəzarətçi nəticədə ticarət mərkəzinə daxil olan şəxsin sağlamlığı, temperaturu barədə informasiya əldə edir. Belədə, hər hansı bir şəxsdə xəstəlik əlamətləri üzə çıxarsa o dərhal obyektdən uzaqlaşdırılır və ondan müvafiq qaydada analizlər götürülür.  Bu kimi tədbirlər beynəlxalq praktikada var. Azərbaycanda da fəaliyyəti bərpa olunan ticarət və digər obyektlər belə tədbirlərdən istifadə etməlidir".

Həmsöhbətimizin fikrincə, bu zaman mümkün resurslardan istifadə etmək daha vacibdir: "Hökumət istəmir ki, ticarət mərkəzləri uzun müddətə qapalı qalsın və minlərlə insan işsiz olsun. Yəni həmin məntəqələrin açılması ehtiyacdan doğaraq vacibdir.  Bəlli məsələdir ki, onların əvvəlki fəaliyyətlərini bərpa etməsi üçün bir neçə ay zaman lazımdır. Yəni hökumət əhalinin müxtəlif qrupları və özəl sektoru anlayaraq bu addımı gedib. Belədə, vətəndaşlarımız da bunu anlaşıqlı qəbul etməli və müəyyən olunmuş qaydalara uyğun davranmalıdırlar. Yəni zamanda, ticarət mərkəzlərinin sahibi olan sahibkarlar da zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən çəkinməməlidir. Ola bilər, bu proses müəyyən məsrəf tələb etsin. Amma düşünürəm ki, burada istənilən məsrəf və gəlirdən üstün əhalinin sağlamlığı məsələsidir. Heç bir sahibkar istəməz ki, idarə etdiyi müəssisədə kiminsə hansısa bir səhlənkar davranışı virusa yoluxmanın miqyas almasına gətirib çıxarsın. Düşünürəm ki, sadaladığım bu kimi məsələlər daim nəzərdə saxlanılmalıdır.  Ümid edirəm ki, qaydalara əməl edilsə, müsbət nəticələr əldə olunacaq. Bu addımlar pandemiyanın yayılmasının qarşısını almasına və yayılmamasına gətirib çıxaracaq, münbit şəraitin təşkilinin şahidi olacağıq. Buna ən azından ümid edirəm".

Rüfət NADİROĞLU