Deputat: "Yanlış təbliğata uymamalı, qaydalara əməl etməliyik"

2 İyun 2020 09:00 (UTC+04:00)

Bütün dünya hələ də Koronavirusun şokunu yaşayır. Virusla mübarizə müxtəlif ölkələrdə müxtəlif üsullarla aparılsa da, məqsəd eynidir; Planeti bu qorxunc bəlanın  cəngindən çıxarmaq, əvvəlki normal həyata davam etmək. Təəssüf ki, artıq 6 aydan çoxdur ki, planetin bir nömrəli bəlasına çevrilən xəstəliyə inanmayan milyonlarla inan var. Azərbaycanda da virusa münasibət birmənalı deyil. Bu şübhənin və laqeydliyin səbəbləri nələrdir? İnsanların şübhədə olması xəstəliyin yayılmasında, ona qarşı effektiv mübarizə aparılmasında hansı mənfi rola malikdir?

Mövzu ilə bağlı Mövqe.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, təəssüf ki, aparılan bütün təbliğata və maarifləndirmə işllərinə baxmayaraq, bəzi insanlar məsələyə məsuliyyətsiz yanaşır və bir sıra hallarda yanlış təbliğat aparırlar: "Guya virus yoxdur, hansısa qlobal güclərin növbəti siyasi oyunlarından söhbət gedir. Heç şübhəsiz ki, bu da bəzi insanlarda arxayınlıq və rahatlıq yaradır. Nəticədə isə virus daha geniş yayılır, daha çox insan bu virusa yoluxur. Bu gün dünyada çox ciddi qlobal proseslər gedir. Bir sıra ölkələr bu sınaqdan üzüağ çıxa bilmədilər. İnsanlar küçədə qaldılar, xəstəxanalarda yer olmadı, zəruri tibbi ləvazimatlar tapılmadı. Azərbaycan isə vəziyyətdən tez çıxmaqla yanaşı, 13 ölkəyə dəstək oldu, yardım göstərdi. Sevindirici haldır ki, dövlət səviyyəsində heç kim özünə qapanmadı, bir neçə videokonfrans formatında tədbirlər təşkil edildi. Azərbaycan hökuməti hər zamankı kimi nümunəvi model nümayiş etdirdi, ölkə başçısının timsalında liderlik keyfiyyətlərini nümayiş etdirdi. Azərbaycan ilk gündən operativ və adekvat qərarlar qəbul etdi, qabaqlayıcı tədbirlər həyata keçirdi. İlk günlər insanlarımız virusla mübarizədə daha ehtiyatlı və diqqətli olmağa çalışdılar. Təəssüf ki, sonrakı dövrdə məhz bu yanlış fikirlər üzündən insanlarda sərbəstlik və rahatlıq müşahidə olunmağa başladı. Təəssüf ki, nəticədə virusa yoluxanların sayında ciddi artım baş verdi. Bu gün dünyada virusun ikinci və üçüncü dalğalarından söhbət gedir. Ona görə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün virusla ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox ciddi mübarizə aparılır, dövlət milli təhlükəsizliyimizi və vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün zəruri addımları atır. Vətəndaşlarımız çox diqqətli olmalı, özlərini qorumalıdırlar. Ona görə hər birimiz diqqətli olmalı yanlış təbliğata uymamalı və dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməliyik. Əks təqdirdə çox ciddi problemlərlə üzləşə bilərik. Əminik ki, ölkəmiz eləcə də, digər dövlətlərin üzərindən qara buludlar tezliklə çəkiləcək və insanlar yenidən normala həyata dönəcəklər. Bunun üçün hər birimiz çalışmalıyıq, özümüzü və yaxınlarımız qorumalıyıq".

 

Elnurə