Paşinyan Rusiyada yenə məsxərə obyektinə çevrildi

3 İyun 2020 09:15 (UTC+04:00)

 

Ermənistanın baş naziri özünün 45 yaşını qeyd etdiyi gün bəyan edib ki, koronavirusa yoluxub. Düzdür, o, özünü tamamilə sağlam hiss etdiyini də vurğulayır. Lakin fakt budur ki, baş nazir testdən keçib və onun nəticələri müsbət çıxıb. Həm də tək yox, bütün ailə üzvləri ilə birlikdə. Hər bir halda hökumət başçısı ailəlikcə ozünütəcridə keçib. Amma Rusiyanın “Moskovskiy komsomoles” qəzeti Nikol Paşinyanın virusa yoluxmasının həqiqiliyini şübhə altına alır və bunu onun cəmiyyətdə nüfuz qazanmaq cəhdi ilə əlaqələndirir.

Qəzetin ehtimalı heç də əsassız deyil.

Ermənistanda koronavirusun hələ birinci dalğası davam edir və nəticələr dəhşət saçır. Belə ki, iyunun 2-nə olan rəsmi məlumata görə bu ölkədə 10009 koronavirus xəstəsi var. Ümumilikdə isə 158 nəfər virusdan həyatını itirib. Son sutkada ölənlərin sayı 19 olub ki, bu da çırtdan ölkə üçün fantastik rəqəm sayılır. Çünki, rəsmi statistikaya görə Ermənistanın əhalisi 3 milyonnəfərdir. Hərçənd, ekspertlər reallıqda bunun həddən artıq şişirdilmiş olduğunu soyləyirlər. O cümlədən, Rusiya prezidenti bir neçə il əvvəl mülahizələrinin birində Ermənistanda maksimum 1,5 milyon nəfərin yaşadığını bildirmişdi. Hətta rəsmi məlumatdan çıxış edəndə də hesablamaq olar ölkə əhalisinin hər 300 nəfərindən biri koronavirusa yoluxub. Sağalanların sayı yoluxanların cəmi 30 faizini təşkil edir və bu nisbət getdikcə daha çox fərqlənir. Bu da o deməkdir ki, hökumət pandemiya dövründə işləməyi bacarmır. Kasıb əhali indi də ölüm təhdidinin qarşısında təkbaşına qalıb. Rusiya nəşri dəö bundan yazır və bildirir ki, baş verənlər fonunda Paşinyanın reytinqi sürətlə yoxa çıxır.

Artıq onun dediyi sözlər cəmiyyətdə ciddi tənqidi rəylərlə qarşılaşır.

“MK” qeyd edir ki, Ermənistan hakimiyyəti koronavirusla mübarizəyə məsuliyyətlə yanaşmır: “Əslində, Paşinyan ailəsinə yoluxma onun koronavirusla mübarizədə apardığı bütün əvvəlki siyasətin məntiqi davamıdır. Yeri gəlmişkən, Paşinyanın erməni millət vəkili qaynı Qraç Hakopyan, may 31-də, yəni, hökumət başçısının ailəsinin koronavirusa yoluxduğu bilindiyi gün, bacısı ilə danışıb. Lakin, bu, onun 1 iyunda parlamentin iclasında iştirak etməsinə mane olmayıb. Baş nazirin “Mənim addımım” partiyasının qarşısında mühüm bir vəzifə - Konstitusiya Məhkəməsində referendumun ləğvinə səs vermək üçün parlament çoxluğuna zəmanət lazım idi”. Qəzet yazır ki, Paşinyanın partiyasının işləri alınıb. Elə ilk oxunuşda parlament referendumu ləğv edib. Müxalifət bunun Konstitusiyaya zidd olduğunu bildirsə də, hakimiyyət dediyini edib. Çünki referendum keçirilsəydi, Paşinyanın tərəfdarlarının uduzacağı qaçılmaz olacaqdı. Çünki koronavirus dönəmində baş nazirin populyarlığı olduqca aşağı düşüb. Qəzet qeyd edir ki, bu səbəbdən Paşinyan özünü xəstəliyə vuraraq ona nail olmaq istəyir ki, virusun yayılmasında hökumətin heç bir günahı yoxdur, çünki baş nazirin qorunduğu səviyyədə də koronavirus yol tapıb insanlara yoluxmağı bacarır. Buna görə də onun xəstəliyi, bir tryuk olaraq ciddi şübhə doğurur.

Bütün hallarda Nikol Paşinyan Ermənistanda iki il əvvəlki reytinqini tamamilə itirib. “Onun reytinqi açıqdan-açığa düşür. Rəsmi rəqəmlər yoxdur, amma son aylarda Paşinyanın tərəfdarları nəzərəçarpacaq dərəcədə azalıblar. 2019-cu ilin sonunda baş nazirin hər hansı bir tənqidi həddindən artıq çoxluq tərəfindən gözüyumulu qəbul olunurdusa, indi əksinə, çoxları skeptiklərin haqlı olduğunu söyləyirlər.

Ölkədəki real vəziyyət barədə sosial şəbəkələrdəki yazıları ilə həvəsli şərhlərin sayı arasındakı uyğunsuzluq getdikcə daha çox diqqəti çəkir. Paşinyan təşəbbüsünü itirir, respublika koronavirus və iqtisadi böhran epidemiyasında daha da batır. Tezliklə kütləvi etirazlar başlaya bilər və bundan sonra Paşinyan, sələfləri kimi, dəyənəklərdən istifadə edəcək” - deyə, erməni politoloqlardan biri anonimlik şərtilə “MK”-ya bildirib.

N.NOVRUZ