Məcmu kapitalla bağlı bəzi bankların problem yaşadığı üzə çıxdı

3 İyun 2020 10:12 (UTC+04:00)

 

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən (50 milyon manat) az olan banklarla iş aparmağa başlayıb.  Bunu AMB-nin sədri Elman Rüstəmov  bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda daha 4 bank bağlandı. Bunlar “Ata Bank”, “Amrahbank”, “AG Bank” və “NBC Bank” idi. Hazırda ölkədə 26 kommersiya bankı fəaliyyət göstərir. Amma onların heç də hamısının məcmu kapitalı nizamnamadə müəyyən edilmiş səviyyədə deyil. Belə bankları nə gözləyir? Onların nizamnamə kapitallarının müvafiq həddə çatmadığı halda bağlanması mümkündürmü?

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov indiki şəraitdə məcmu kapitalla bağlı tələblərə cavab verməyən bankların bağlanması deyil, birləşdirilməsini daha məqsədəuyğun hesab edir: “Bütövlükdə qanunvericiliyə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Bankın məcmu kapitalı göstərilən həmin həddən azdırsa, bu halda təbii ki, Mərkəzi Bank həmin məcmu kapitalın artırılması ilə bağlı kommersiya bankı ilə iş aparıb, ona hər hansı bir formada dəstək nümayiş etdirə bilər. İndiki halda Mərkəzi Bank üçün bu standartlara əməl edilməsi və fəaliyyətdə olan bütün bankların məcmu kapitalının 50 milyon manatdan artıq olması vacibdir.

Mərkəzi Bankın qərarı ilə 4 bankın müflis olduğunu nəzərə alsaq, onların məcmu kapitalı 50 milyon manatdan az olmaqla yanaşı, eyni zamanda, təqdim etdikləri hesabatlarda əks olunan rəqəmlər də reallığı əks etdirmirdi. Ona görə də banklar haqqında qanuna istinad etsək, bu halda kommersiya bankının məcmu kapitalı 50 milyon manata çatdırması mümkün olmasa, belə vəziyyətdə təbii ki, Mərkəzi Bank həmin bankın digər banka birləşdirilməsi və yaxud lisenziyasının geri alınması ilə bağlı danışıqlara başlamalı, bu istiqamətdə qərar verməlidir. Onu da deyim ki, 4 bankın müflis olunması yalnız qorunan əmanətlər üzrə 700 milyon manata yaxın vəsaitin dövlət hesabına ödənilməsinə gətirib çıxardı”.

Həmsöhbətimizə görə, bankın müflis olması belədə bir tərəfdən bu istiqamətə vəsaitlərin ayrılmasını tələb edir, digər tərəfdən də bütövlükdə bank sektoruna inamı azaldır: “Bu da təbii ki, depozitlərin həcminə təsir göstərir. Ona görə daha məqsədəuyğun olar ki, Mərkəzi Bank məcmu kapitalı 50 milyon manatdan az olan bankların konsolidasiyasını, yəni birləşdirilməsini həyata keçirsin. Təbii ki, bu inzibati yolla baş verə bilməz, sadəcə baş bank həmin bankların birləşməsini təşviq edə bilər. Nəticə etibarı ilə bu hal bankların lisenziyasının alınmasından daha səmərəli və əlverişli yoldur. Bir tərəfdən, müştərilərin hüquqlarının qorunması baxımından vacibdir, digər tərəfdən, bank sektoruna olan inamın qorunub saxlanmasına rəvac verə bilər.  Ona görə düşünürəm ki, növbəti mərhələdə Mərkəzi Bank fəaliyyətini daha çox bankların birləşdirilməsi və sağlamlaşdırılması üzərində genişləndirməlidir. Onların lisenziyasının alınması arzuolunan deyil. Belə addım yalnız son variant olaraq nəzərdən keçirilməlidir. Indiki məqamda, bankların sayının azaldığı bir dövrdə daha məqsədəuyğun olardı ki, bankların sağlamlaşdırılması həyata keçirilsin. 50 milyon manatdan az  vəsaiti olan bankların məcmu kapitalını  ya sağlamlaşdırma, ya da birləşdirmə yolu ilə artırmaq mümkündür”.

İqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, Azərbaycan praktikasında məcmu kapitalla bağlı tələbə uyğun gəlməyən bankların daha çox bağlanması halları müşahidə edilir: “Əslində, standartlara, mövcud tələblərə cavab vermədikdə, ilk növbədə həmin bankların maliyyə portfelinin passiv hala düşməsinin nədən irəli gəldiyi müəyyənləşəcək. Yəni belə vəziyyətin ilk öncə problemli kreditlər, yaxud da digər hallarla bağlı olduğu müəyyən edilir. Ardınca ona uyğun da tədbirlər görülür. Banklar standartlara, tələblərə cvab vdermirsə, bu halda onların lisenziyası alınır. Digər hallarda isə, məsələn, yaranmış durum bazar münasibətlərinin, biznes mühitinin ağırlaşması, bank sektorundakı problemlərlə bağlıdırsa, belə hallarda konsolidasiyaya, birləşməyə gedilir. Yəni sözügedən banklarla bağlı iki haldan biri baş verə bilər.

Hazırda Azərbaycan praktikasına nəzər yetirsək, daha çox lisenziyanın ləğv edildiyini müşahidə edirik. Hazırda Azərbaycanda 5-6 bank sağlam mühitdə fəaliyyətini davam etdirə bilər. Mövcud ölçü vahidilə yanaşsaq, digər bankların biznes mühitinin vəziyyəti və digər problemlərlə bağlı olaraq əksəriyyətinin, 70-80 faizinin lisenziyası alınmalıdır”.

Rüfət NADİROĞLU