Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub-YENİLƏNİB

3 İyun 2020 13:25 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Mövqe.az xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslərlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonra boks üzrə Əməkdar məşqçi Faiq Məmmədov yaradılan gözəl şəraitə görə dövlət başçısına tərtərlilərin minnətdarlığını çatdırdı.