Azərbaycandan Ermənistana güc xəbərdarlığı

5 İyun 2020 08:48 (UTC+04:00)

“Münaqişənin həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".

Bunu Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib. Bu, Ermənistana son xəbərqarlıqlardan biri sayıla bilərmi? Düşmən hansı nəticə çıxarmalıdır?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin Tərtərdəki çıxışı Ermənistana son xəbərdarlıqdır: “Təbii ki, DağlıqQarabağ münaqişəsinin həllinin bir yolu var, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, birmənalı olaraq belədir. Cənab Prezident hər zaman bütün görüş və çıxışlarında, xarici səfərlərində, buradakı tədbirlərdə hər zaman birmənalı olaraq burğulayıb ki, nə yolla olursa-olsun ərazi bütövlüyümüzü təmin edəcəyik. Tərtərdəki çıxışı zamanı da Prezident bu fikri təkrarladı. Sərt qaydada, birmənalı olaraq dedi və nida işarəsi qoydu ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Qarabağ azad olunacaq.  Bu xəbərdarlığı sıravi Azərbaycan vətəndaşı, Milli Məclisin hər hansı bir deputatı, məmuru, hərbçisi deyirsə, bu, bir ürək istəyidir və şəxsi fikir hesab oluna bilər.  Ancaq belə bir xərəbdarlığı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan deyirsə, artıq bu, birmənalı olaraq düşmən ölkəyə son xəbərdarlıq kimi qəbul olunmalıdır”.

E. Məmmədov qeyd etdi ki, Azərbaycan ordusu işğala son qoymaq üçün hərəkətə keçməyə tam hazırdır: “Ermənilər başa düşməlidir ki, artıq buradan o tərəfə yol yoxdur. Azərbaycan qısa zamanda ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamağa hazırdır və bunu edəcək.  Bu Azərbaycanın Ermənistana qarşı müharibəsi deyil. Biz ərazilərimizi işğaldan azad etmək üçün bu əməliyyatları keçirəcəyik. Bu zaman ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanırıq.  Həmçinin, başda BMT olmaqla,  digər beynəlxalq qurumların da nizamnamələrinə əsaslanırıq.  Yəni beynəlxalq hüquqda hər bir dövlətin  öz ərazi bütövlüyü, təhlükəsizliyini qorumaq səlahiyyətinə, hüququna malik olduğu prinsipi öz əksini tapıb.  Azərbaycan özündə bu hüququ saxlayır.  Bu hüquqdan istifadə edəcəyik ki, ərazi bütövlüyümüz bərpa olunsun, torpaqlarımız işğaldan azad edilsin”.

Həmsöhbətimizin fikrincə, işğalçı dövlət bu xəbərdarlıqdan nəticə çıxarmaıdır: “Uzun illərdir ki, ərazilərimiz işğal olunub, bu ərazilərdə cinayətkar hərbi xunta yerləşir.  Fikrimcə, ağlı yerində olan, fikirləşməyi bacaran düşmən dövlətin rəhbərliyi bundan ciddi nəticə çıxarmalıdır. Eyni zamanda,  uzun illərdir başımızın altına sülh yastığı qoyaraq status kvonun hələ də saxlanılmasına ermənilərlə birlikdə səbəb olan həmsədr dövlətlər də həmin xəbərdarlıqdan nəticə çıxarmalıdır.  Əks halda, düşmən ölkə üçün vəziyyət dəfələrlə ağır olacaq.

Ermənistan rəhbərliyi ağıllı fikirləşsə, götür-qoy edib düzgün nəticə çıxarsa, abır-həyaları olsa  nəticə çıxaracaq. Nəticə çıxarmayacaqsa, Azərbaycan əsgəri öz sözünü deyəcək. Ermənistan bütün sahələr üzrə Azərbaycandan qat-qat geri qalır.  Hərbi, iqtisadi, daxili sabitlik, stabillik sahəsində, həm də beynəlxalq hüquq normaları baxımından Azərbaycanla Ermənistanın vəziyyətini müqayisə etsək, açıq aydın görəcəyik ki, haqq-ədalət, eyni zamanda güc ölkəmizin tərəfindədir. Belə olan halda sülh yolu ilə torpaqlarımızı qaytarmasa Ermənistan ayaq altında qalacaq və cənab Prezidentimizin dəfələrlə bəyan etdiyi kimi, bir əsrdən artıq ərəfədə bəziləri tərəfindən ermənilərə verilmiş və Ermənistan dövlətinin yaradıldığı tarixi Azərbaycan torpaqları da yeidən ölkəmizə qaytarıla bilər.  Ermənistan bunu fikirləşməlidir”.

Rüfət NADİROĞLU