Bazar günü 36 883 abituriyent imtahan verəcək

19 İyul 2013 12:45 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 21-də 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.  Movqe.az-ın xəbərinə görə, bu məlumatı  bu gün keçirdiyi mətbuat konfransında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Qurumun sözçüsü imtahanın respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 70 binada keçiriləcəyini bildirib. Onun sözlərinə görə, imtahanların idarə olunması üçün 276 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 3026 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib: "2013-cü ildə I qrup üzrə 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13 766 nəfər isə əvvəlki illərin məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir. Bakı şəhərində 17 402, Naxçıvanda 1712, Gəncədə 4202, Sumqayıtda 3093, Mingəçevirdə 1491, Şəkidə 2080, Ağcabədidə 905, Göyçayda 1612, Şirvanda 1326, Lənkəranda 1915, Qubada isə 1145 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.  İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.  İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 25-dən avqustun 1-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda, I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər".