“ASAN Həyat” bölgələrin fəthinə davam edir

6 İyun 2020 09:25 (UTC+04:00)

Bir neçə gün əvvəl Azərbaycanın unikal idarəetmə sistemi olan “ASAN Həyat” kompleksinin növbəti ofisi Qarabağın aranında əhalinin həyatını rövnəqləndirməyə başlayıb. Bu sayca 19-cu kompleksdir. Vətəndaşların istifadəsinə verilən bu xidmət növü ölkəmizin daxilində və xaricində o qədər məşhurlaşıb ki, insanlar onun yeni binalarının gəlişini intizarla gözləyirlər. Səbəb də çox sadədir: bu tip komplekslər sadə camaatın işini və deməli ki, həyatını iqtisadi və mənəvi cəhətdən xeyli asanlaşdırır. Belə ki, vətəndaş lazımı sənədləri qısa müddətdə və yalnız dövlətə rüsum ödəməklə əldə edir. İkincisi, həyatda tez-tez rast gəlinən başqa şəxsə vəzifəsinə görə lüzumsuz yerə müəyyən məbləği, konkret desək, rüşvət verməkdən azad olur. Prezident İlham Əliyev korrupsiyanı cəmiyyətimizin bir nömrəli bəlası adlandırıb. İndi Azərbaycanda korrupsiyaya qarşı ən yüksək səviyyədə total mübarizə gedir. Bu mübarizənin önündə isə dövlət başçısı addımlayır.  

Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev yenə də bu bəla haqda kəskin danışıb: “Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq”.

Ölkə rəhbərinin sözlərində böyük həqiqət var. 10 il əvvəl kimsə düşünməzdi ki, korrupsiyanın kökünü kəsmək mümkün olar. Amma budur, bir neçə il ərzində “ASAN Xidmət” müəssisələrinin şəbəkəsi genişləndikcə korrupsiyanın əhatə dairəsi mdaraldı və təbii ki, bununla bərabət rüşvətxorların da sıraları seyrəldi. Xalq bunu öz həyatında gördü, hiss etdi və bu səbəbdən Prezidentə müraciətlərində bu xidmət növünün onlara yaxınlaşması barədə xahişlər ünvanladılar. İlk “ASAN Xidmət”in fəaliyyətə başlamasından az sonra rüşvət buxovundan azad olnan vətəndaşlar azad nəfəs almağa başladılar. Təsadüfi deyil ki, xidmətdə aparılan gündəlik sorğuların nəticəsinə görə vətəndaş məmnunluğu 99,4 faizə çatır. İşə başlayandan indiyə qədər xidmətə 38 milyondan çox müraciət daxil olub.

“ASAN Xidmət” həyatımıza olduqca köklü şəkildə daxil olub. Maraqlıdır ki, tədricən  bu xidmət ölkənin idarəetmə sisteminin bazasına çevrilir. Aydın görünür ki, Prezidentin təşəbbüsü ilə ərsəyə gələn bu sahə müasirliyi, şəffaflığı, korrupsiyaya qarşı mübarizənin dərinliyi ilə özünü doğruldub. Təsadüfi deyil ki, innovativliyi və mütərəqqi texnologiyası ilə diqqəti cəlb edən “ASAN Xidmət” layihəsi BMT-nin xüsusi mükafatəna layiq görülüb və digər ölkələrdə yayılması üçün nümunə göstərilib. Əfqanıstanda artıq bu xidmər növü tətbiq edilir. İraq, Orta Asiya və Afrika, hətta bir sıra Avropa ölkələrində də onun tətbiqinə maraq böyükdür.

Prezident İlham Əliyev Ağcabədidəki çıxışında bunun mahiyyətinə aydınlıq gətirib: “Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq”.

Bu fikirlər haqqında danışılan istiqamətdə güclü iradənin ortaya qoyulmasını sübut edir. Belə görünür ki, Azərbaycanda idarəçilik kökündən dəyişilir və yeni sistem tətbiq edilir. Yeni xidmət müəssisələrində gənclərə üstünlük verilməsi, xüsusilə könüllülər hərəkatını genişləndirməklə yeni dünyagörüşlü kadrların hazırlığının gücləndirilməsi cəmiyyətimizin keyfiyyətcə yeni mərhələyə keçidini stimullaşdırır. Bu mərhələdə korrupsiya sözü və anlayışı yoxdur. Əsas məqsəd də budur: korrupsiyasız sistem qurmaq. Bu işdə vətəndaşların iştirakına geniş meydan açılır. İctimai nəzarətin gücləndirilməsi bu məqsədə xidmət edir. Bu çox maraqlı amildir. Yəni, ölkənin idarə olunmasında iştirak etmək üçün məmur olmağa ehtiyac olmayacaq. Hər bir vicdanlı vətəndaş geniş idarəetmə şəbəkəsinin səlahiyyətli üzvü rolunda çıxış edə biləcək. Belə bir istiqamət kütlələri islahatlar prosesinə qoşmaqla aşağıdan gələn təşəbbüslərin axınını təmin edəcək. Nəticədə isə cəmiyyətimizdə yeni ideyaların meydana gəlməsi sürətlənəcək.

Hesab etmək olar ki, hər yeni açılan “ASAN Xidmət” kompleksi Azərbaycanın inkişaf sürətini artıran bir katalizator rolunu oynayır. İşin avand olsun, “ASAN Xidmət”!

N.NOVRUZ