Litva azərbaycanlıları Moldova Ombudsmanına təşəkkür məktubu göndərib

19 İyul 2013 13:34 (UTC+04:00)

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və "Litva-Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərib. 


Məktubda deyilir: "Çox hörmətli Aurelia Qriqoriu, Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyası Sizə dərin ehtiramını bildirir və iyulun 4-də Ermənistan parlamentindəki çıxışınız zamanı Ermənistanım Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə göstərdiyiniz cəsarət və prinsipiallığınıza görə təşəkkür edir. 


Ümid edirik ki, Sizin bu xeyirxah addımınız hələ də təcavüzkarla bu təcavüzdən əziyyət çəkəni ayırd edə bilməyən Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası, ATƏT, NATO-nun digər rəsmi şəxsləri və bu təşkilatlara üzv dövlətlər üçün bir örnək olacaq". 


Məktubda həmçinin, Aurelia Qriqoriunun Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva-Azərbaycan" Assosiasiyasının fəxri üzvü elan olunduğu bildirilir.