Prezident Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak edib

19 İyul 2013 15:44 (UTC+04:00)

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Xaçmaz Regional Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.


İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılmış, 2013-cü ilin iyulunda başa çatdırılıb. Ümumi ərazisi 1,5 hektar olan mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq və abadlıq işləri görülüb.


Bildirildi ki, foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulan mərkəzin sərgi zalında "Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri" adlı sərgi yaradılıb. Sərgidə ulu öndər Heydər Əliyevin Quba-Xaçmaz iqtisadi rayonuna səfərlərini əks etdirən fotoguşə də var. Burada, həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər və əsas sosial-iqtisadi göstəricilər geniş əks olunub.


Mərkəzdə rayonun sosial-iqtisadi inkişafı üçün regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflər hazırlanacaq. Burada rayon üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər də təşkil olunacaq. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.


Qeyd olunub ki, mərkəzin ən mühüm istiqamətlərindən biri sahibkarlıq fəaliyyətinə başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.


Bildirilib ki, 2003-2013-cü illər ərzində bu iqtisadi rayon üzrə 122 təhsil müəssisəsi tikilmiş, 28-i isə əsaslı təmir olunub. Bu müddət ərzində səhiyyə və sosial müdafiə sahələri də inkişaf edib. Ötən dövrdə 32 səhiyyə müəssisəsi tikilmiş, 14-ü isə əsaslı təmir olunub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 33 yaşayış binası inşa edilib. Bu illər ərzində turizm sahəsi də xeyli inkişaf etmişdir. Hazırda Quba-Xaçmaz iqtisadi rayonunda 100-dən çox mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir. Gənclərin sağlam böyüməsi də ən vacib məsələlərdəndir. Son 10 ildə 14 gənclər evi və idman müəssisəsi tikilib istifadəyə verilib. Bu dövrdə 9 su anbarı tikilmiş, 175 kilometr su, 120 kilometr isə kanalizasiya xətləri çəkilib. Ötən 10 ildə Quba-Xaçmaz iqtisadi rayonunda yol və nəqliyyat infrastrukturu xeyli yaxşılaşdırılıb. 150 kilometr yeni yol çəkilmiş, 450 kilometr isə əsaslı təmir olunub. Bu müddətdə 22 körpü və tunel tikilib. Quba və Xaçmaz şəhərlərində yeni avtovağzal binaları tikilib. Kənd təsərrüfatı məhsulları istehsalında da artım müşahidə olunub. Meyvə 1,4, ət istehsalı 2, süd istehsalı 1,2, yumurta istehsalı isə 1,7 dəfə artıb. Azərbaycanın iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də özəl sektorun inkişafına çox böyük dəstəkdir. Son illər bu iqtisadi rayon üzrə 1321 sahibkara 109,7 milyon manat güzəştli kredit verilib. Bunun nəticəsində 8,4 min yeni iş yeri yaradılıb.


Prezident İlham Əliyevə Biznes-İnkubator barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən biznes-inkubatorlar yaradılıb. Əsas məqsəd gənclər tərəfindən yeni biznes subyektlərinin qısa zamanda rəqabət qabiliyyətliliyinin və inkişafının təmin edilməsi, kiçik sahibkarlıq subyektlərinə olan dəstəyin nümayiş etdirilməsi vasitəsilə investisiya mühitinin daha da yaxşılaşdırmasıdır. Bu proqram vasitəsilə gənc mütəxəssislərin potensialından səmərəli istifadə olunacaq, innovativ və perspektivli biznes sahələrinin inkişafı təmin ediləcək.


Vurğulandı ki, binanın 280 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılıb. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunub.


Biznes-İnkubator bölməsi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, layihədə iştirakçıların sayı 15 nəfərdir. Layihənin 24 ay ərzində həyata keçirilməsi planlaşdırılır. Bu müddətin birinci və ikinci mərhələlər üzrə müvafiq olaraq 3 ayı təlimlərin, 8 ayı inkubasiya prosesi, 1 ayı isə monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi üçün nəzərdə tutulub. İnkubator bölməsində gənc sahibkarların fəaliyyəti üçün hər cür imkan yaradılıb. Mərkəzdə kiçik konfrans zalı və tədris otağı da fəaliyyət göstərəcək.


Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.