Azərbaycan yenə çoxsaylı xarici turistləri qəbul edəcək, amma...

12 İyun 2020 08:21 (UTC+04:00)

 

Koronavirusun ziyan vurduğu sahələr arasında turizm sektoru da var. Bu sahə virusla bağlı olaraq demək olar ki, tamamilə dayanıb. Artıq karantin rejimini yumşaldan müxtəlif ölkələr xarici turistlərin qəbulu üçün müxtəlif addımlar atmağa başlayıb. Məsələn, Avropa Birliyi öz daxilində turistlərin fəaliyyətinə yaşıl işıq yandırmaq istiqamətində hərəkətə keçib.

Azərbaycanda son illər turizm sahəsi sürətlə inkişaf edirdi. Keçən il ölkəmizə rekord sayda, 3 milyondan çox insan turist səfərinə gəlib. Lakin pandemiya ölkəmizin turizm sahəsinə də təsirsiz ötüşməyib. Yaranmış vəziyyət ölkəmizdə də koronavirusun vurduğu ziyan fonunda turizm sektorunun, o cümlədən xarici turuzmin  yenidən dirçəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edir. Düzdür, bu yöndə ilk addımlar da atılıb. İlk olaraq, bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi göstərilib. Sahənin dirçəldilməsi üçün ilk növbədə daxili turizmin inkişaf etdirilməsi prioritetdir. Ancaq bu, o demək deyil ki, xarici turizmi unutmalıyıq.

Turizm Assosiasiyasının nümayəndəsi Müzəffər Ağakərimovun fikrincə, xarici turristlərin qəbulu üçün Azərbaycan ilk öncə turistik obyektlərin epidemiyoloji durumunu yüksək səviyyəyə çatdırmalıdır: “İlk növbədə xarici turizmin, ümumiyyətlə turizm sektorunun dirçəldilməsi üçün müxtəlif qurumlar, səhiyyə, hava nəqliyyatı, digər nəqliyyat sahələri, qida təhlükəsizliyi, yerli icra orqanları bir yerdə çalışmalı, birgə fəaliyyət proqramları hazırlamalıdırlar. Post-pandemiya dövrü üçün Azərbaycanın təhlükəsiz turizm məkanı imicini formalaşdırmalı, bu istiqamətdə proqramlar həyata keçirməlidir.

Digər tərəfdən, xarici turistləri cəlb etmək üçün turistik obyektlərini epidemoloji tələblərə cavab verən səviyyəyə çatdırmalıyıq. Məhz həmin otellər, turizm, əyləncə və istirahət mərkəzlərini münasib hala salandan sonra xarici turistlərin postpandemiya dövründə ölkəmizə gəlməsinə stimul yaratmaq olar. Bunun üçün də yuxarıda adlarını çəkdiyim qurumların nümayəndələrindən ibarət monitorinq qrupu yaradılmalıdır. Bu kimi addımları atmaqla xaricilərin ölkəmizə gəlişini təbliğ etmək olar. Yəni, başqa ölkələrdən insanları cəlb etmək üçün ilk əvvəl ölkədə epidemoloji, təhlükəsizlik durumunun yaxşı səviyyədə olduğunu göstərməliyik.  Bu baş verərsə, postpandemiya dövründə Azərbaycana daha çox xarici turist axınının şahidi ola bilərik”. 

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bilidrdi ki, yeni çağırışlara uyğun olaraq turizm sahəsində də yeni qaydalar müəyyənləşməlidir: “Hələlik inkişaf etmiş ölkələrdə belə xarici turistlərin qəbulu istiqamətində real mexanizmlər yoxdur.  Xaricdən gələnlər əksər ölkələrdə 14 günlük karantin rejiminə cəlb edilir. Belə vəziyyət isə cəlbedici deyil. Avropa İttifaqı ölkələri xarici turizmi yenidən bərpa etmək istəyir. Amma bununla bağlı meyarlar hələlik müəyyənləşməyib. Yalnız Avropa İttifaqı daxilində olan ölkələr  xarici turizmin inkişafına dəstək verə bilərlər. Azərbaycan üçün xarici turistlərin cəlbi postpandemiya dövründə prioritet olacaq. Hələlik karantin rejiminin davam etdiyini nəzərə alsaq, indiki halda, xarici turistin cəlbi prioritet deyil. Amma postpandemiya dövrünə hazırlıq da vacibdir. Ancaq burada da vaci məqam daxili turizmi stimullaşdırmaqdır. Bu istkiqamətdə daha konkret meyarlar müəyyənləşməli və təşviq tədbirləri həyata keçməlidir. Çünki inkişaf etmiş Avropa İttifaqı ölkələrində daxili turizm turizm gəlirinin 80 faizini təşkil edir. 

Postpandemiya dövründə həmin dövrün çağırışlarına uyğun olaraq qaydalar müəyyənləşməlidir. Ötən il ölkəmizə 3 milyondan artıq turist gəlib. Növbəti dövrdə xarici turist qəbulu üçün qiymətlərin optimallaşdırılması, turizm xidmətinin keyfiyyətinin artırılması prioritetdir. Bu istiqamətdə hökumət tərəfindən konkret fəaliyyətlər həyata keçirilir. Həmin fəaliyyət daha da gücləndirilməlidir”.

Rüfət NADİROĞLU