Məsuliyyətsizlik virusa yoluxanların da, ölənlərin də sayını artırır

17 İyun 2020 08:21 (UTC+04:00)

Azərbaycanda koronavirusa yoluxanların sayı son dövrlərdə hər gün 300-dən yuxarı olur.  Bu azmış kimi, hələ də insanların əksəriyyəti sosial məsafə saxlamaq, maska taxmaq kimi tələblərə riayət etmir. Bəzi insanlarda sanki bir məsuliyyətsizlik hökm sürür. Yaranmış vəziyyət problemin daha da ciddiləşdiyindən xəbər verir. Bu isə daha ciddi təhlükələrin özünü göstərməsilə nəticələnə bilər. Proses belə davam edərsə hansi təhdidlər yarana bilər və onun baş verməməsi üçün hansı qabaqlayıcı addımlar atılmalıdır?

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, yoluxanların sayının artması fonunda xəstəxanalarda yer məhdudiyyəti və  tibbi personalın çatışmamazlığı kimi təhdidlər yarana bilər: “Əslində, virusa yoluxanların sayının artması fonunda artıq Bakı xəstəxanalarında koronavirus xəstələrini qəbul etmək üçün yer məsələsi problemə çevrilib. Bakı şəhərində artıq xəstəxanalarda yer yoxdur. Böyük xəstəxanalarda çarpayı sayı 400-ə qədərdir. Yoluxanların sayı da gündəlik az qala 400-ə çatır və artan istiqamətdə gedir. Belədə, çox adamların müalicəsi ev şəraitində təmin olunmalıdır.

Bəzi xəstələri indi rayonlara da göndərirlər. Bu da məqsədəuyğun deyil, məcburiyyətdən yaranıb. Maska taxmağa, sosial məsafə saxlamağa çağırış edəndə buna inanmayaraq lağa qoyurlar. Hətta sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. İndiki hal çox faciəvidir. Artıq xeyli sayda həkimlərimizi, tibb bacılarını da itirdik. 600-700 arası həkim, tibb bacısı da virusa yoluxub.  Belə davam edərsə, tibbi personal çatışmayacaq. Ona görə də insanları bir daha məsuliyyətli olmağa çağırıram”.

Bu təhdidlərin olmaması üçün həmsöhbətimizə görə, insanlar qabaqlayıcı addım olaraq ilk növbədə  məsuliyyətli olmalıdırlar: “Sərt tədbirlər görülən kimi, insanlar yersiz olaraq reaksiya verməyə başlayır. Yasamalda baş verən insidentlə bağlı deyirəm. Demirəm ki, orada polis tamam haqlı idi, amma insanlar da məsuliyyətli olmalı idilər.

İnsanlar iki günlük qadağaya dözmək istəmir. Halbuki bu addım onların sağlamlığı üçündür. Küçədə maskasız gəzmək digər xeyli sayda insanın həyatını təhlükəyə atmaq deməkdir.  İnsanlar var ki, 8-10 saat ərzində xüsusi geyimdə həyatını risqə ataraq, xəstəyə qulluq edir. Heç olmasa, vətəndaşlarımız bunları dəyərləndirərək, təhlükəsizlik qaydalarına əməl etsinlər. Sonra xəstəyə baxmağa həkim tapmayacaqlar. Təəssüf ki, prosesə nəzarəti  həyata keçirən Operativ Qərargah tərəfindən də bəzi yanlış qərarlar verilib. Özünə güvənli, məsuliyyətsiz  bəyanatlar verildi, bəzi addımlar atıldı. Yəni Operativ Qərargahın yanlışlıqları və insanların məsuliyyətsizliyi, bu iki faktor  hazırkı durumun yaranmasına səbəb olub. Operativ Qərargah demək olar ki, mütəxəssislərlə məsləhətləşmir. Son ikigünkü olaylar göstərdi ki, insanlar infeksiyanı rayonlara daşıyırlar. Rayonlarda da acınacaqlı vəziyyət yaransa, daha pis durumla üz-üzə qalacağıq. Bu, böyük itkilər demək olacaq”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirdi ki, virusa yoluxanların sayının artması ondan ölənlərin sayının çoxalması təhdidini yaradır: “Virusa yoluxanların sayının artması əlbəttə ki, yaxşı hal deyil.  Yəqin ki, onun qarşısını almaq istiqamətində tədbirlər genişlənəcək. Belə davam etməsi fonunda təəssüf ki, xəstələnənlərin, ağır vəziyyətdə olanlar və hətta həyatını itirənlərin sayı daha da arta bilər. 

Düzdür, gözləyirik ki, virusa yoluxanların sayı azalsın. Karantin tədbirləri daha da yumşaldılsın və insanlar daha sərbəst hərəkət edə bilsinlər. Amma görünür ki, azalmır. Bu da bir növ təhlükəsizlik tədbirlərinə əməl etməməyin nəticəsidir. Nazirlər Kabineti nəzdindəki Operativ Qərargah virusa qarşı mübarizədə bütün lazım olan qabaqlayıcı tədbirləri həyata keçirir.  Burada alınan məlumatlar təhlil olunur və ona müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu barədə narahat olmayın”.

Rüfət NADİROĞLU