Salyanda cinayət törədən şəxs tutuldu- RƏSMİ

17 İyun 2020 09:30 (UTC+04:00)

Baş Prokurorluq Salyan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

Xəbər verildiyi kimi, iyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin həmin gölə nəzarət edən 1990-cu il təvəllüdlü Rəşad Abdullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Abdullayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.