Sürücülük vəsiqəsinin verilməsində yenilik

22 İyul 2013 15:02 (UTC+04:00)

Vəsiqənin dəyişdirilməsi imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir

Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərarında dəyişikliklər edib. 


Dəyişikliyə görə, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:

etibarlılıq müddətinin qurtarması;

sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;

yazılarında dəqiqsizlik müəyyən edilməsi;

yararsız hala düşməsi;

itirilməsi;

yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.


Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.


Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

Şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

Nəzərdə tutulduğu hallarda tibbi arayış.


Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir".