Azərbaycanda rəqəmsal transformasiyaya start verilir

18 İyun 2020 08:55 (UTC+04:00)

 

Koronavirus pandemiyasının cəmiyyətlərə və insan talelərinə vurduğu zərbələrin qarşısın almaq üçün görülən tədbirlərə adət etdikcə həqiqətən dünyanın dəyişilməsinə də şahidlik edirik. Ümumi götürdükdə, cəmiyyətlərin və dövlətlərin taleyi ilə insan taleyi arasında oxşar simptomların olduğu daha asan görülür. İnsan mübarizədə bərkidiyi kimi cəmiyyət və dövlət də dar macalda sınaqlardan çıxa-çıxa nüfuzunu yüksəldir, gələcəyə gedən yolunun konturlarını dəqiqləşdirir.

Bu günlərdə dünyaca məşhur “Microsoft” şirkətinin təşəbbüsü sayəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Görüşün bu formatda keçirilməsi pandemiya səbəbindən müəyyənləşdirilsə də, əslində kifayət qədər müasirliyi, təhlükəsizliyi, texnoloji yeniliklərə uyğunluğu və səmərəliliyi ilə diqqəti cəlb edir. Nədir bu səmərəlilik?

Birincisi, insan sdağlamlığının qorunması qayğısıdır. Bu cür formatlar təhlükəli virusa yoluxmanı sıfıra endirir. İkincisi, görüşün təşkillinə sərf olunan vəsaitlər cüzi səviyyəyə enir. Üçüncüsü, mühüm qərarlar vermək səlahiyyətinə malik şəxslər tam sərbəst zehni gərginlikdən azad olur.

Verilən təklifləri rahat ab-havada götür-qoy edir, müsahibini yaxşı dinləyə bilir, baxışların aydın ifadəsinə nail olur. Dördüncüsü, cəmiyyətin primitivlikdən mürəkkəbliyə və təkmilliyə doğru evolusion inkişafına müsbət təsir edir. “Microsoft” şirkətinin rəhbərliyi də, heç şübhəsiz, bu və sadalamadığımız digər məsələləri də nəzərə alaraq Azərbaycan rəhbərliyə ilə iş birliyi üzrə dialoqa ehtiyac duyublar.

Bəlkə də, kimlərəsə qəribə gələ bilər ki, nə üçün məhz, Azərbaycan?! Əslində, bu seçim həyatın özündən doğur. Çünki ölkəmizin inkişaf sürəti, dövlətimizin insanlara qayğısı, yenilikçilik ruhu ilə yaşaması, müasirliyi xarici mütəxəssislərin diqqətini həmişə cəlb edir. Müasirlik, yeni texnologiyaların tətbiqi heç asan başa gəlmir və həmişə uğur qazanmır. Ona görə ki, ilk növbədə bunun iqtisadi təminatı olmalı, daha sonbra isə cəmiyyət yeniliyi qəbul etməyi bacarmalıdır. Yəni, yeni texnologiyalar müəyyən hazırlığın olmasını tələb edir. Əks halda çəkilən xərc də, sərf olunan güc və vaxt da havayı gedə bilər.

Görüşün əvvəlində hər iki tərəf reallığın tələblərini yaxşı bildiklərini və buna uyöunlaşmaq gərkdiyini dilə gətiriblər. Filip Roq Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğuna görə məmnunluğunu ifadə edib: “Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur. Nəhayət bilirsiniz ki, texnologiya və gördüyümüz bütün işlərdən başqa insan sağlamlığı və insan həyatı bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq. İkincisi, bu gün əlaqə saxlamaq imkanına görə Sizə bir daha təşəkkür edirik. Mən deyərdim ki, bizim texnologiyanın bu qeyri-adi zamanda harada ən səmərəli şəkildə istifadə oluna biləcəyini müəyyən etmək üçün son bir neçə ayda bir çox dünya liderləri ilə ünsiyyət saxlamaq imkanımız olub. Bununla bağlı Sizinlə bir qədər söhbət etmək imkanına malik olmaq istərdim”.

Təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Sizin bu videokonfransı təşkil etmək təşəbbüsünüzü qiymətləndirirəm... ...İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik.

Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır”.

Bu prioritetlər zaman-zaman, amma sürətlə öz həllini tapır. Şirkətin Azərbaycana gəlişindən keçən müddət ərzində xidmətlərin və ümumiyyətlə idarəetmənin elektronlaşdırılması istiqamətində əsaslı irəliləyiş əldə olunub. “Elektron hökumət” portalı, “ASAN Xidmət” layihəsi, bankçılıqda, sosial məsələlərin həllində, informasiya vasitələrinin yayımında yeni texnologiyalar sürətlə tərbiq edilir. Çünki bu texnologiyalar özü sürətli olmaqla bərabər şəffaflığı təmin edir, neqativ hallara qarşı mübarizənin səmərəliliyini təmin edir.

Görüşdə qarşıda duran vəzifələrin həlli üzrə olduqca işgüzar və faydalı fikir mübadiləsi gedib. Biz, təbii ki, tezliklə bu danışıqların əməli işdə tətbiqinə şahid olacağıq. Həmin vəzifələrin hamısı sadalamğa, düşünürüqk ki, ehtiyac yoxdur. Sadəcə, birinin adını çəkməklə Azərbayvanın rəqəmsal transformasiya üçün açıq ölkə olması barədə aydın təsəvvür formalaşa bilər. Belə ki, Azərbaycanda Davos Dördüncü Sənaye inqilabının Regional Mərkəzinin açılması üçün ciddi hazırlıq gedir. Bu fakt Davos Forumunun məhz Azərbaycan vasitəsilə Şərq dünyasına yayılmasına imkan verəcək. Başqa sözlə, ölkəmiz yeni texnologiyaların yayım mərkəzinə çevriləcək. Bu faktın özü rəqəmsal transformasiyalar üzrə Azərbaycanın dünyadakı yerini dəqiq göstərir.

N.NOVRUZ