İcra başçısı koronaya yoluxub? - Açıqlama

19 İyun 2020 14:05 (UTC+04:00)

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması haqda deyilənlər həqiqəti əks etdirmir.

Bunu Axar.az-a açıqlamasında Goranboy İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov deyib. O bildirib ki, karantin müddətində icra başçısı da daxil olmaqla, Goranboy İcra Hakimiyyətinin əməkdaşlarından 3 dəfə koronavirus testi götürülüb:

“Aparatın əməkdaşlarının heç birində koronavirusun əlamətləri olmayıb. Biz qabaqlayıcı tədbir olaraq əməkdaşlarımızın 3 dəfə testdən keçməsinə şərait yaratdıq. Onlardan ikisinin nəticəsi hər birimizdə neqativ çıxıb və heç kimdə virus aşkar edilməyib. Sonuncu test iyunun 16-da edilib və nəticəsi hələ bu gün elan olunacaq. Bu günə qədər əməkdaşlarımızın heç birində virus aşkar edilməyib. Virusa qarşı bütün tədbirləri görmüşük. Hər birimiz maska, əlcək və spirtdən istifadə edirik”.

Qurum rəsmisi belə şayiələrin yaranmasının icra başçısının testdən sonra Bakıya səfər etməsi ilə bağlı olduğunu bildirib:

“Ayın 16-da test götürüldükdən sonra başçı işlə bağlı ərazidən çıxıb, Bakıya getdi. Bundan sonra şayiə yayıldı ki, guya Məhərrəm Quliyev koronavirusa yoluxub deyə Bakıya gedib. Bu, yalan məlumatdır. Bu gün başçı işə çıxıb və hər şey qaydasındadır”.