Qurunt sularından gələn böyük təhlükə

23 İyul 2013 08:54 (UTC+04:00)

Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikada həlli vacib olan ekoloji problemlərin müəyyən hissəsi bu ərazidə mövcuddur. Həmin problemlərdən biri də Abşeronda qurunt sularının səviyyəsini artmasıdır. Belə ki, müstəqillik qazanıldıqdan bu günə qədər Abşeronda qurunt sularının səviyyəsinin 20 metrə yaxın qalxdığı bildirilir.

Əsas səbəb ölkə əhalisinin ən çox burada cəmləşməsi, suvarma işlərinin aparılması və tullantı sularında baş vermiş sızıntılar göstərilir. Qurunt sularının vura biləcəyi ən böyü ziyan isə ağacların quruması, torpağın şoranlaşmasıdır.

Coğrafiya İnstitutunun "Eko" cağorafiya şöbəsinin müdiri, professor Ənvər Əliyev bildirir ki, 1950 - ci ildən Samur - Abşeron kanalı istifadəyə başlayandan sonra Abşeron yarımadasında suvarma sularının hesabına qurunt sularının qalxması müşahidə olundu: "İlkin vaxtlarda onun su ötürücülk qabiliyyəti təxminən 45 metr kub saniyə idi. Sonradan müəyyən səbəblərdən ötürücülük qabiliyyəti azalıb. Bu günü həmin kanalın müəyyən hissəsi Ceyranbatan su anbarına, müəyyən hissəsi də suvarmaya sərf olunur. Bütün bunların hamısı - suvarma sistemi Abşerondakı qurunt sularının səviyyəsinin qalxmasına səbəb oldu. Abşeron yarımshəra olduğuna görə orada qurunt sularının səviyyəsinin qalxması müəyyən problemlər yaradır. Bəzi yerlərdə göllər əmələ gəldi ki, bu gün həmin göllərin səviyyəsi qalxıb, ağacların quruması prosesi getdi".

Professorun sözlərinə görə, bunu həll etməyin yolu məişətdə və suvarmada müasir texnologiyadan istifadə etməkdir: "Bundan başqa, suvarma kanallarını beton örtüklə bərkitmək, sızmanı maksimal dərəcə endirmək və kapilyar suvarmalardan istifadə etməkdir. Amma Abşeronun digər bir problemi odur ki, əhali çoxaldıqca nəticədə məişət suları da müəyyən problem yaradır. Məsələn, kanalizasiyalarda sızmalar baş verir, o da digər problemlərə - sürüşmələrə səbəb olur. Bundan başqa yaşıllıqların sulanması problemi yaranır. Bütün bunlar hamısı Abşeronda qurunt sularının qalxmasına təsir edən amillərdəndir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirdi ki, son bir - iki ilə qədər formalaşan tullantı sularının idarə olunması ilə bağlı mövcud olan tikili, qurğu və təmizləyici sistemlərin hamısı 1985 - ci ildə inşa edilib: "Azərbaycan müstəqillik qazanandan sonra Abşerondakı yaşayış massivləri iki dəfədən də çox artıb. Mövcud kanalizasiya sistemi 1980 - ci ildə qurulubsa, su hara getməlidir? Yəni, bu suların hesabına qurunt suları yerin səthinə qalxır. Ancaq formalaşan, tərkibində zərərli maddələr olan çirkab sular qanunverciliyin tələblərinə uyğun olaraq idarə olunmalıdır. Onun bir damcısı da başqa yerə axmamalıdır. Bunlar mərkəzləşdirilmiş sistemdən tam idarə olunmalı, təmizləyici qurğuya getməlidir. Təmizlənəndən sonra su tutarlarına axıdılmalıdır. Tullantı sularının qaydasında idarə olunmaması onların səthə çıxmasına şərait yaradır".

İdarə rəisi bildirdi ki, qurunt suları yer səthinə qalxdıqca ilk növbədə torpağın şoranlığını artırır: "Əlavə olaraq qurunt sularının tərkibindəki zərərli maddələrin miqdarı çoxlır, torpaqlar erroziyaya uğrayır, deformasiya gedir, torpaqlar öz münbitliyini itirir, ağaclar quruyur. Bu gün Azərbaycanda qurunt suları ən çox Abşeron və suvarma aparılan sahələrdədir. Qurunt sularının səviyyəsinin artması yerin humus qatının sıradan çıxmasına, onun tərkibinin korlanmasına, müvafiq standartlardan kənarlaşmasına gətirib çıxarır. Yəni, ümumilikdə ən böyük təsir humus qatına dəyir".